...

Turizm sahəsinin maliyyələşdirilməsi davam etdirilir

İqtisadiyyat Materials 29 İyun 2022 16:31 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Turizmin inkişafını nəzərdə tutan layihələrin dəstəklənməsi Sahibkarlığın İnkişafı Fondunun 2022-ci ildə güzəştli kreditlərin verilməsi üzrə prioritet istiqamətlərinə daxildir. Fond tərəfindən indiyədək 234 turizm layihəsinin maliyyələşdirilməsi məqsədilə 60,3 milyon manat güzəştli kredit vəsaiti ayrılıb və bu layihələrin reallaşdırılması 5 mindən artıq yeni iş yerinin açılması imkanı yaradır.

Sahibkarlığın İnkişafı Fondundan Trend-ə verilən məlumata görə, 2022-ci ilin ötən dövrü ərzində isə turizmin inkişafı ilə bağlı 5 layihəyə 1,3 milyon manat güzəştli kredit verilib və bu kreditlər hesabına 39 yeni iş yeri yaradılması nəzərdə tutulur.

Turizm layihələrinin maliyyələşdirilməsi məqsədilə Fonda daxil olan müraciətlərin əksəriyyəti kənd turizminin inkişafı, otel, mehmanxana və qonaq evinin yaradılması və ya genişləndirilməsi, sanatoriya və müalicə sağlamlıq mərkəzinin təşkili ilə bağlı olub.

Turizm sahəsi pandemiyadan ən çox zərər çəkən fəaliyyət sahələrindən biri hesab olunur. 2020-ci ilin iyun ayından etibarən pandemiyadan zərər çəkən sahibkarlara münasibətdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən dövlət zəmanətli kredit və subsidiya və mövcud kredit portfeli üzrə subsidiya mexanizmlərinin tətbiqinə başlanılıb.

Dövlət zəmanətli kredit və subsidiya mexanizmi 2022-ci ildə başa çatıb və bu proqram çərçivəsində turizm sahəsində fəaliyyət göstərən 43 sahibkarlıq subyektinin ümumi məbləği 7,6 milyon manat olan kreditlərinə 4,5 milyon manat məbləğində dövlət zəmanəti verilib. Zəmanət verilmiş kreditlər üzrə 499 min manat məbləğində subsidiya ödənilib.

Mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması çərçivəsində isə 47 turizm layihəsinə 349 min manat məbləğində vəsait verilib.

Hazırda turizmin müxtəlif sahələri üzrə layihələrin güzəştli kredit hesabına maliyyələşdirillməsi davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti