Bakı. Trend:
Həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri nəticəsində SOCAR 2021-ci ildə əməliyyat effektivliyini əhəmiyyətli dərəcədə artırmağa nail olub.Şirkətin ümumi dövriyyəsi 56,3% artaraq 77,5 milyard manata çatıb.
Şirkətdən Trend-ə bildirilib ki, hesabat dövründə SOCAR-ın
gəlirlərinin artmasına müəssisələrin inteqrasiyalı fəaliyyəti,
rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin
dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin
yüksəlməsi səbəb olub.
Beləliklə, SOCAR gəlir marjasını 10,2%-dən 11,4%-ə, əməliyyat
mənfəətini isə 10,3 dəfə artıraraq 4,93 milyard manata yüksəldib və
2021-ci ili 2,12 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd
edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının
hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək
göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə
edilib.
Pandemiya dövrünün çətinliklərinə baxmayaraq, Petkim və STAR NEZ-in
inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə
hər iki müəssisə fasiləsiz istehsal prosesinə nail olub, rəqabət
qabiliyyətini artırıb. 2021-ci ildə “Petkim” və STAR NEZ-də
istehsal potensialından istifadə əmsalı müvafiq olaraq 92,6% və
100,8%-ə yüksəlib. Bununla yanaşı, “SOCAR Polymer” və “SOCAR
Karbamid” zavodlarının ümumi istehsal həcmi müvafiq olaraq 44% və
197,3%, ixrac gəlirləri isə 152% və 11 dəfədən çox artıb.
Müəssisələrin istehsal əməliyyatlarında tətbiq edilən rəqəmsal
texnologiyalar əməliyyat effektivliyinin və gəlir marjalarının
yüksəlməsinə əhəmiyyətli təsir göstərib.
Hesabat ilində SOCAR-ın cari aktivləri 31,1% artaraq 23,9 milyard
manata çatıb, cari öhdəlikləri isə 1,6% azalaraq 20,3 milyard
manatadək azalıb. Şirkətin ümumi aktivləri 8,1%-lik artımla 69,4
milyard manata yüksəlib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də
artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı
3,8% artaraq 22,75 milyard manata, nağd pul vəsaitləri isə 46,5%
artaraq 9 milyard manata yüksəlib.
Qeyd edək ki, şirkətin 31.12.2021-ci il tarixinə hazırlanmış
maliyyə hesabatına nüfuzlu beynəlxalq audit şirkəti olan Ernst &
Young Holdings (CIS) B.V. tərəfindən müsbət rəy verilib.
Hesabatla
bu keçid vasitəsilə tanış olmaq mümkündür.