Bakı. Trend:
Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə aparılır.
Agentlikdən Trend-ə bildirilib ki, əsasən çınqıl və qara örtüklü
olan yolda xüsusən payız-qış aylarında istər avtonəqəliyyat
vasitələrinin, istərsə də vətəndaşların hərəkətində bir sıra
problemlər yaşanırdı.
22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı
olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun
hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr
təşkil edir.
Layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol yatağının
yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol yatağının
genişləndirilməsi işləri icra olunur.
Artıq yolun 16 km-lik hissəsində sadalanan işlər yekunlaşıb,
hazırda bu hissədə yeni yol yatağı inşa edilir.
Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin
etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri,
zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə
üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və
ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə
tutulub.
Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus
dayanacaqları, siqnal dirəkləri quraşdırılacaq, yolcizgi və
yolgöstərici xətlərin çəkilməsi işləri aparılacaq.
Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir səviyyədə
yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə
dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunacaq, yük və
sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən məhsulların
rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu isə yolboyu
yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa təsir edən
kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.