...

Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir

İqtisadiyyat Materials 28 Oktyabr 2022 13:53 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda valyuta əməliyyatları üzrə nəzarət gücləndirilir.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin oktyabrın 28-də keçirilən iclasında müzakirə edilən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklikdə əksini tapıb.

Layihədə qeyd edilir ki, son illərdə dünya iqtisadiyyatında baş verən proseslər valyuta əməliyyatları üzrə nəzarətin gücləndirilməsini zəruri edir. Bu isə valyuta əməliyyatları üzrə yeni effektiv nəzarət mexanizmlərinin tətbiqini labüdləşdirir.

Qanun layihəsi valyuta nəzarəti orqanı kimi Mərkəzi Bankın valyuta əməliyyatları üzrə nəzarətinin effektivliyinin artırılması məqsədilə hazırlanıb və rezident və qeyri-rezidentlərin apardıqları valyuta əməliyyatları, o cümlədən valyuta mübadiləsi əməliyyatları ilə bağlı vahid məlumat bazasının formalaşdırılmasının və həmin bazadan istifadənin hüquqi əsaslarını müəyyən edir.

Məlumat üçün bildiririk ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən valyuta nəzarəti orqanlarının rezident və qeyri-rezidentlər tərəfindən icrası məcburi hesab edilən normativ aktlar qəbul etmək, rezident və qeyri-rezidentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının qanunvericiliyin, həmçinin valyuta nəzarəti orqanlarının aktlarının yerinə yetirilməsinə nəzarət etmək, valyuta əməliyyatlarını yoxlamaq, bu əməliyyatlar üzrə hesabatın və sənədləşmələrin forması və qaydalarını müəyyən etmək səlahiyyəti müəyyən edilib.

Valyuta əməliyyatları barədə vahid informasiya sisteminin yaradılması valyuta nəzarəti orqanının bu səlahiyyətinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaqdır. Vahid informasiya sistemində rezidentlərin və qeyri-rezidentlərin valyuta əməliyyatları barədə məlumatlar toplanacaqdır. Valyuta nəzarəti agentləri (banklar və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər) apardıqları valyuta əməliyyatları barədə məlumatları bu informasiya sisteminə daxil edəcək (ötürəcək) və valyuta nəzarəti məqsədləri üçün həmin sistemdən istifadə edəcəklər.

Layihəyə əsasən valyuta əməliyyatlarının qanunvericiliyə uyğun həyata keçirilməsinə nəzarəti təmin etmək məqsədilə informasiya sistemində toplanan məlumatların əldə edilməsi rezident və qeyri-rezidentlərin razılığı olmadan həyata keçirilə biləcəkdir.
Valyuta əməliyyatları maliyyə-bank əməliyyatlarına aid olduğundan layihədə vahid informasiya bazasında toplanılan məlumatların saxlanması müddəti qanunla müəyyən olunmuş pul vəsaitləri ilə bağlı əməliyyatlara dair məlumatların saxlanması müddəti ilə eynilik təşkil etməsi və bank sirrinin qorunması rejiminin tətbiq olunması nəzərdə tutulur.

Qanuna dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti