...

Əhaliyə qaytarılan ƏDV-nin həcmi artırılacaq

İqtisadiyyat Materials 3 Noyabr 2022 11:23 (UTC +04:00)
Əhaliyə qaytarılan ƏDV-nin həcmi artırılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Alınan mallara görə əhaliyə qaytarılan ƏDV-nin həcmi artırıla bilər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının 2023-cü ilin dövlət və icmal büdcələri üzrə layihədə qeyd edilib.

Sənəddə bildirilib ki, nağdsız ödənişlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə fiziki şəxs olan istehlakçılar tərəfindən ölkə ərazisində alınan mallara görə ödənilmiş ƏDV-nin qaytarılan hissəsinə yenidən baxılması nəzərdə tutulur.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva bir müddət öncə Trend-ə bildirmişdi ki, gələn ildən ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması nəzərdə tutulur və ƏDV üzrə istehlakçılara geri qaytarmaların artırılması ilə bağlı qanun layihəsi Nazirlər Kabinetinə göndərilib.

Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizi istehlakçıya geri qaytarılır.

"ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan 2022-ci ilin sentyabrınadək portalda qeydiyyatdan keçmiş istehlakçılara ümumilikdə 732.105.401 kassa çeki üzrə 305,5 milyon manatdan çox, təkcə bu ilin yanvar-avqust ayları ərzində isə 303.851.384 çek üzrə 133,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

Xatırladaq ki, Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi oktyabrın 24-də Milli Məclisə daxil olub.

Layihədə 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 30,7 milyard manat proqnozlaşdırılır ki, bu da ölkə tarixinin ən yüksək göstəricisi olmaqla, 2022-ci illə müqayisədə 5,2 faiz, 2021-ci illə müqayisədə isə 16,4 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti