...

Qazaxıstan Azərbaycana yeni aviareyslər açır

İqtisadiyyat Materials 7 Dekabr 2022 17:32 (UTC +04:00)
Qazaxıstan Azərbaycana yeni aviareyslər açır
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yaz-yay naviqasiyasında Astanadan Bakıya uçuşların açılması gözlənilir.

Bu barədə Trend Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.

“2023-cü ilin yaz-yay dövründə Aktau və Çimkənddən Ankaraya, Almatı və Aktaudan Mədinəyə, Astanadan Nyaçanqa, dekabrın 25-dən etibarən Astanadan Bakıya, Çimkənddən Düşənbəyə reyslərin açılması gözlənilir. Eyni zamanda, "Air Seychelles" dekabrın 26-dan etibarən Qazaxıstan və Seyşel adaları arasında Almatı-Mae istiqamətində reyslər açmağı planlaşdırır”, - deyə məlumatda qeyd olunur.

Bundan əlavə, Qazaxıstan aviaşirkətləri Pakistana - Astana və Çimkənddən Kəraçiyə uçuşlar açmağı, Almatı-Delhi marşrutu ilə Hindistana, Almatı-Çendu marşrutu ilə Çinə, Almatı-London və digər marşrutlarla Böyük Britaniyaya uçuşların sayını artırmağı planlaşdırır.

Məlumata görə, hazırda qazaxıstanlılar dünyanın 29 ölkəsinə birbaşa uçuşlar həyata keçirə bilirlər. Daxili uçuşlar həftədə 687 reys tezliyi ilə 57 marşrut üzrə 5 yerli aviaşirkət tərəfindən həyata keçirilir.

Qeyd edək ki, bu ilin 10 ayı ərzində Qazaxıstan aviaşirkətləri doqquz milyona yaxın sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 faiz çoxdur. O cümlədən, “Air Astana”nın sərnişin dövriyyəsi təqribən 3,4 milyon nəfər, “FlyArystan”ın – 2,6 milyon nəfər, “SCAT”ın – 2,4 milyon nəfər və "Qazaq air"in – 500 min nəfər təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti