...

Azərbaycan Dəmir Yolları tanzit daşınmalarının həcmini artırmaq üçün yeni nəsil texnikalar gətirib (FOTO)

İqtisadiyyat Materials 10 Aprel 2023 14:51 (UTC +04:00)
Azərbaycan Dəmir Yolları tanzit daşınmalarının həcmini artırmaq üçün yeni nəsil texnikalar gətirib (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

‘’Azərbaycan Dəmir Yolları’’ (ADY) QSC dəmir yolu infrastrukturunun sağlamlaşdırılması və tranzit daşımaların həcminin əhəmiyyətli dərəcədə artırılması istiqamətində 303 ədəd platforma vaqon və 18 ədəd drezinin alınaraq ölkəyə çatdırılmasını təmin edib. Hərəkət tərkibi və maşın-mexanizmləri parkını son nəsil texnikalarla təchiz edən ADY beynəlxalq daşımalarda rəqabətədavamlılığını günbəgün möhkəmləndirir.

Trend xəbər verir ki, 10 aprel tarixində media nümayəndələrinin iştirakı ilə Biləcəri yeni lokomotiv deposunda müvafiq texnikaya baxış keçirilib.

ADY-nin İnfrastruktur departamentinin rəisi Elçin Zülfüqarov bildirib ki, dəmir yolu ilə sürətli və keyfiyyətli daşımaları həyata keçirmək üçün ilk növbədə infrastruktur vaxtaşırı olaraq sağlamlaşdırılmalıdır: ‘’Yeni nəsil drezinlər yol təsərrüfatı, elektrik təchizatı, habelə işarəvermə sahəsində təmir-tikinti işlərinin çevik aparılmasına, infrastrukturun saz vəziyyətdə saxlanılmasına, bununla da hərəkətin təhlükəsizliyinə əhəmiyyətli dərəcədə töhfə verəcək’’.

QSC-nin Yük daşımaları departamentinin rəisi Emil Əhmədov bildirib ki, yeni alınmış 303 ədəd platforma vaqonu tranzit daşımaları, xüsusilə Şərq-Qərb istiqamətində yük daşımaların həcminin artırılmasına geniş imkanlar açacaq: ‘’Məqsədimiz Azərbaycan Respublikasının əlverişli coğrafi mövqeyini nəzərə alaraq multimodal daşımalar zəncirinin əsas halqası rolunda çıxış etmək və ölkəmizin regionun əsas nəqliyyat Hub-na çevrilməsinə dəstək verməkdir’’.

ADY yükdaşımaların fasiləsizliyini və əməliyyatların optimallaşdırılmasını təmin etmək məqsədilə bütün marşrutlar üzrə infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, əməliyyatların sinxronlaşdırılması, hərəkət tərkibinin müvafiq dəhlizlər üzrə səmərəli bölüşdürülməsi istiqamətində kompleks tədbirlər planı hazırlayaraq həyata keçirir.

Qeyd edək ki, quru nəqliyyatı ilə yükdaşımalarda əsas lokomotiv rolunu oynayan ADY bu ilin I rübündə 4. 441.970 ton yük daşıyaraq ötən ilin eyni dövrü ilə müqayisədə 17% daha çox yük daşıyıb.

Xatırladaq ki, ADY 2022-ci ilin I rübündə 3. 810.144 ton yük daşıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti