Sofiya. Trend:
"Həmrəylik halqası" Avropada enerji tərəfdaşlığının möhkəmlənməsi üçün potensiala malikdir.
Trend çərşənbə axşamı xəbər verir ki, bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), "FRGZ" (Macarıstan), "EURSTREAM" (Slovakiya) şirkətləri və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
"Avropada enerji diversifikasiyasına töhfə verməyə hazır olduğumuzun siqnallarını veririk. Bu, vahid mənbədən qaz idxalından asılılığın azalması strategiyamıza uyğundur. Azərbaycanla enerji tərəfdaşlığında yeni səhifə açırıq. Azərbaycan və SOCAR bizim çoxdankı və etibarlı tərəfdaşlarımızdır", - o deyib.
K.Hirman Azərbaycanın diversifikasiyaya böyük töhfə verdiyini qeyd edib:
"Azərbaycandan Mərkəzi Avropaya enerji dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir. İnanıram ki, gələcəkdə bu layihənin hazırlanmasında Aİ bizi siyasi və maliyyə baxımından dəstəkləyəcək".
Azərbaycanla neft tədarükü üzrə uğurlu əməkdaşlığı xatırladan K.Hirman qaz sferasında da bu cür qarşılıqlı əlaqələr qurmağın vaxtı çatdığını qeyd edib.