Bakı. Trend:
Mərkəzi Bank sədri Taleh Kazımov xarici bankların Azərbaycanda işləməsi üçün şərtləri açıqlayıb.
Trend xəbər verir ki, T.Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib ki, hazırda Azərbaycanda istehlak kreditləri verən bankların sayı kifayət qədərdir.
"Əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil. Çünki 24 bankımız bu sahədə çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya banklarının olması daha vacibdir”, - o bildirib.
T.Kazımov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərmək istəyən xarici bankların investisiya bankı olması əhəmiyyətlidir. “Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”, - deyə o əlavə edib.