Bakı. Trend:
Azərbaycan Rusiyadan ən çox taxıl idxal edən ölkələrdən biridir.
Bunu Trend-ə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.
O bildirib ki, Rusiyada taxılın ixrac rüsumunun artırılması Azərbaycan üçün faydalı deyil.
“Bu, xeyli əlavə vəsaitin ödənilməsi deməkdir. Ancaq Ukrayna-Rusiya müharibəsi başlayandan sonra taxıl ixracında baş verən çətinliklər nəinki Azərbaycana, bu ölkədən taxıl ixrac edən dövlətlərə müəyyən ziyanlar gətirib. Müharibə hər iki ölkənin iqtisadiyyatına ziyan vurmaqla yanaşı, eləcə də, iqtisadi əlaqələrin müəyyən dərəcədə pozulmasına səbəb olub. Bu, ölkəmiz üçün də qaçılmazdır. Xarici ölkələrdən 1 milyon 200 min ton taxıl idxal edirik. İnsanların çörəyə və un məmulatlarına olan tələbatını ödəmək üçün bu çox vacibdir".
Komitə sədrinin sözlərinə görə, Prezident İlham Əliyev də dəfələrlə öz çıxışlarında bildirib ki, Azərbaycan ərzaqlıq buğda asılılığını aradan qaldırmaq üçün mütləq əlavə tədbirlər görməli, taxıl sahələrini genişləndirməli və ilk növbədə, məhsuldarlığın artırılmasına nail olunmalıdır.
"İşğaldan azad olunan torpaqlarımızda görülən tədbirlər, minalardan təmizlənmiş torpaqların əkin dövriyyəsinə daxil edilməsi ümid verir ki, gələcəkdə ərzaqlıq buğdaya olan tələbatı ödəyə biləcəyik. Ancaq bu günün çətinlikləri qaçılmazdır. Düşünürəm ki, hökumət bu barədə tədbirlər həyata keçirdəcək”, - deyə o vurğulayıb.