Bakı. Trend:
"Abşeron" yatağından ilk qazın verilməsi mərasimində iştirak etdik.
Trend xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki səhifəsində qeyd edib.
“Abşeron”un tələbatımızı və ixracı nəzərə alan mərhələli inkişafı, illik hasilatın 1,5 milyard kubmetrdən 6 milyard kubmetrədək çatdırılması ilə bağlı planlar ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinə mühüm töhfədir", - nazir bildirib.
Qeyd edək ki, bu gün "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimi keçirilib. "TotalEnergies" Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə birgə Bakının təqribən 100 km cənub-şərqində yerləşən "Abşeron" qaz-kondensat yatağının işlənməsinin birinci fazası çərçivəsində hasilatın başladığını açıqlayıb.
İlkin qiymətləndirmələrə görə, yatağın ehtiyatları təqribən 300 milyard kubmetr təşkil edir.
İstehsal gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensatdır. Qaz Azərbaycanın daxili bazarında satışa çıxarılacaq.