Bakı. Trend:
“Müsəlman Ölkələri ilə İxracın İnkişafı Strategiyası”na uyğun olaraq, 2028-ci ildə Müsəlman ölkələrinin ixracımızdakı payını 26%-dən 30%-ə çatdırmağı hədəfləyirik.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə müsahibəsində Türkiyənin ticarət naziri Ömər Bolat bildirib.
Nazir qeyd edib ki, hər bir ölkənin bazar strukturunu araşdıraraq, potensial sektorları və məhsulları müəyyən etmək üçün səylər davam etdirilir.
“Müəyyən edilmiş potensial məhsul və sektorlar çərçivəsində müsəlman ölkələrinə ixracımızın artırılması və ixrac məhsullarımızın təşviqi məqsədilə nazirliyimizin koordinasiyası ilə ticarət nümayəndə heyətlərinin görüşlərini, yarmarkalar təşkil edəcəyik. Digər tərəfdən, “2028 İxracın Təşviqi və Marketinq Baxışı” planı çərçivəsində işlər aparılır. İxracatın artımını təmin etmək üçün ixracatçılarımızın "təşviq və marketinq fəaliyyətləri" üçün yol xəritəsi hazırlanacaq”, - deyə nazir bildirib.
Nazir qeyd edib ki, ixracatın artırılması üçün hədəf ölkələrdə media təqdimat fəaliyyətləri, konfranslar, türk seriallarının nümayişi, aktyorlarının ictimai görüşləri kimi elementlərdən ibarət müxtəlif layihələr həyata keçiriləcək.
Nazirin sözlərinə görə, qlobal rəqabət mühiti hər gün dəyişir, yeni konsepsiyalar, təşkilatlar və alətlər yaranır ki, bu da çox işləməyə, uğur qazanmağın müxtəlif yol və üsullarını inkişaf etdirməyə məcbur edir.
“Nazirliyimizin siyasətində bazar və məhsul müxtəlifliyinin təmin edilməsinə yönəlmiş layihələrimiz mühüm yer tutur. Bu baxımdan, ölkəmizə məsafəsi orta hesabla 8 min 500 km olan 18 ölkəyə ixracımızı artırmaq üçün hazırlanmış “Uzaq Ölkələr Strategiyası” ilə ixracatçılarımızın Uzaq Şərqdən Latın Amerikasına qədər ölkələrlə ticari-iqtisadi əməkdaşlığını artıracağıq.
Bu strategiya sayəsində ixracatımızı 20 milyard dollardan 80 milyard dollara çatdırmağı hədəfləyirik. İxracatçılarımızın ən mühüm problemlərindən biri olan ixracın maliyyələşdirilməsi məsələsində, mühüm pay sahibi olan "Türk Eximbank" ilə 2023-cü ilin avqust ayının sonu etibarilə ixracatçılarımıza cəmi 25,9 milyard dollar dəstək verdik. Kapitalı artırılan "Türk Eximbank"ın qarşıdakı dövrdə əlavə kredit dəstəyi ilə daha çox ixracatçımıza dəstək olacağını düşünürük”, - deyə Bolat əlavə edib.
Türkiyəli nazir onu da qeyd edib ki, maliyyəyə çıxışını genişləndirmək, dəstəkləmək və asanlaşdırmaq üçün İxracatın İnkişafı Fondu (İGE A.Ş.) 2022-ci ilin mart ayında fəaliyyətə başlayıb.
“Bu fond etibarlılığı olan, lakin girov problemi olan bütün ixracatçılarımızın, xüsusən də Kiçik və Orta Müəssisə sahibkarlarının (KOBİ) maliyyəyə çıxışını asanlaşdırıb. Fond bu günə qədər 41,7 milyard lirə kreditə zəmanət verib və 2023-cü ilin sonuna qədər 90 milyard lirə kreditə zəmanət verilməsi hədəflənib”, - deyə o bildirib.