...

Sahibkarlıq subyektinin bazarda hökmran mövqeyə sahib olmasına cərimə tətbiq edilmir - Komitə sədri

İqtisadiyyat Materials 28 Sentyabr 2023 13:58 (UTC +04:00)
Sahibkarlıq subyektinin bazarda hökmran mövqeyə sahib olmasına cərimə tətbiq edilmir - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda qəbul edilməsi gözlənilən Rəqabət Məcəlləsində sahibkarlıq subyektinin hökmran mövqeyə sahib olmasına cərimə tətbiq edilməsi nəzərdə tutulmur.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitənin sədri Tahir Mirkişili deyib.

O qeyd edib ki, elə başa düşülməməlidir ki, hansısa şirkət hökmran mövqedə olsa, dövlət onu cərimələyir.

“Belə hal yoxdur. Bütün cərimələr sahibkarlıq subyektinin hərəkətlərinə görə tətbiq edilir. Əgər hökmran mövqeyə çatan şirkət heç bir qaydanı pozumursa, ona cərimə tətbiq edilmir. Amma o qaydaları pozursa, yəni qiymətləri süni şəkildə artırırsa, başqaları ilə razılaşaraq, bazara digər şəxsi buraxmırsa, ona cərimə tətbiq edilir. Tutalım, şirkətin bazarda 90% payı varsa, amma heç bir qaydanı pozmursa, cərimələnmir”, - deyə komitə sədri əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü ilə Rəqabət Məcəlləsinin layihəsi sentyabrın 7-də Milli Məclisə daxil olub. Rəqabət Məcəlləsinin layihəsi 12 fəsil 84 maddədən ibarətdir.
Rəqabət Məcəlləsinin qəbul olunması ölkə iqtisadiyyatının inkişafı, biznes mühitinin əlverişliliyinin artırılması, azad sahibkarlığın təşviqi baxımından mühüm əhəmiyyət kəsb etməklə, ölkədə sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edəcək. Yeni məcəllə, eyni zamanda istehlakçıların hüquqlarının müdafiəsini, məhsul və xidmətlərin keyfiyyətinin daha da artırılmasını hədəfləyir.

Xəbər lenti

Xəbər lenti