Bakı. Trend:
Naxçıvan “Yaşıl enerji” zonası elan edilib.
Bəs Naxçıvanın “Yaşıl enerji” zonası elan edilməsi enerji istehsalına necə təsir edəcək?
Məsələ ilə bağlı Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban bildirib ki, bir zamanlar enerji böhranı olan və Türkiyədən elektrik enerjisi idxal edən Naxçıvan enerji təminatını kifayət qədər yaxşılaşdırıb.
"Naxçıvan artıq öz enerji təminatını ödəyir. Plana görə, 1500 meqavatt ancaq xarici investorların sərmayəsi hesabına olmaqla, Naxçıvanda külək və günəş elektrik stansiyalarının, o cümlədən, dağ çaylarında kiçik su elektrik stansiyalarının tikilməsi planlaşdırılır.
Azərbaycan bu il Mingəçevir istilik elektrik stansiyasında yeni bir stansiyanının təməli qoyulub. Bu, gücünə görə ölkənin ikinci istilik elektrik stansiyası olmalıdır. Onun gücü 1280 meqavatdır. Mingəçevir istilik elektrik stansiyasının hazırkı gücü 2400 meqavatdan artıqdır. Bu müqayisələrdən aydın olur ki, Naxçıvanda böyük potensialda istehsal güclərinin yaradılması planlaşdırılır. Bu 1500 meqavatın 1000 meqavatı ixraca yönəlməlidir. Türkiyə Naxçıvanda istehsal edilən yaşıl enerjinin Avropaya ötürülməsində tranzit ölkəyə çevriləcək".
Ekspert bildirib ki, "Yaşıl enerji"nin yaradılması nəzərdə tutulan yerlərdən biri də işğaldan azad edilən ərazilərdir:
"Həmin ərazilərdə olan çayların enerjisini nəzərə alsaq, təqribən 150 meqavat enerji əldə etmək olar. Ancaq həmin ərazilərdə daha böyük mənbələr var. Bunlara misal olaraq "Sərsəng" su elektrik stansiyası 50 meqavat, "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarından isə Azərbaycana çatan gücün həcmi 150 meqavatdır.
Həmin yerdə bp şirkətinin operatorluğu altında 230 meqvatlıq günəş elektik stansiyası 2024-cü ilə qədər tikilməlidir. O ərazilərdə 1000 meqavata qədər enerji mənbəyi var. Bu da azad edilmiş ərazilərin enerji tələbatını ödəməyə qadirdir. Artıq qalanı ixrac edilməlidir. Bu ixrac üçün də Zəngəzur enerji dəhlizi öz rolunu oynamalıdır".
Qeyd edək ki, Azərbaycan-Türkiyə III Enerji Forumu və “Naxçıvan - Yaşıl Enerji Zonası” Beynəlxalq Konfransı keçirilib. Naxçıvan “Yaşıl enerji” zonası elan edilib. Yəni Naxçıvan enerji istehsalı və onun Türkiyə vasitəsilə Avropa bazarına çıxarılması baxımından unikal imkanlara malikdir.