Bakı. Trend:
2024-cü ildə əsas neft-qaz kontraktları çərçivəsində investisiya qoyuluşlarının azalma fazasında olması nəzərə alınmaqla, əsas kapitala investisiyalar üzrə 1,0 faiz artım olacağı, o cümlədən qeyri-neft (qaz) sektoru üzrə əsas kapitala investisiyaların 3,0 faiz artacağı proqnozlaşdırılır.
Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2024-cü ilin dövlət büdcəsinin layihəsində bildirilib.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza -ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2024-cü ildə ölkədə ÜDM-in real ifadədə 2,4 faiz artaraq 118,4 milyard manat, o cümlədən qeyri-neft (qaz) ÜDM-in real ifadədə 4,6 faiz artaraq 84,2 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır. Növbəti ildə ÜDM-in tərkibində qeyri-neft (qaz) sektorunun payının cari ilin proqnozuna nəzərən 6,2 faiz-bənd artımla 71,1 faizə çatacağı gözlənilir. Proqnozlara əsasən, 2024-cü ildə neft-qaz sektoru üzrə ÜDM real ifadədə 1,7 faiz azalacaqdır.