Astana. Trend:
Macarıstan Türk İnvestisiya Fondunun işində iştirak etməyə hazırdır.
Trend cümə günü xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Astanada keçirilən 10-cu Zirvə Toplantısında deyib.
"Biz 100 milyon avro dəyərində töhfə verəcəyik. Bu mürəkkəb zamanlarda TDT-nin rolu artmaqdadır. Türk dövlətləri münaqişələri, riskləri, eskalasiyaları azaltmağa kömək edib. Bu, Macarıstanın TDT-də iştirak yolu ilə tamamlamaq istədiyi siyasətdir. Biz Türk İnvestisiya Fondunun işində iştirak etməyə hazırıq və bu fonda 100 milyon avro dəyərində töhfə verəcəyik.
Bizim üçün şərəfdir ki, tezliklə nəqliyyat əlaqələri üzrə proqramın növbəti görüşünə ev sahibliyi etmək imkanımız olacaq, həmçinin, TDT üzvlərinə Türk Xüsusi İqtisadi Zonasının yaradılması imkanına görə minnətdarıq və investisiyaların qorunması üzrə səylərimizi birləşdirməyə hazırıq", - o deyib.
Xatırladaq ki, bu gün Qazaxıstanın paytaxtı Astanada Türk Dövlətləri Təşkilatının (TDT) 10-cu yubiley sammiti başlayıb.
Sammit çərçivəsində fövqəladə hallar və metrologiya sahəsində çoxtərəfli sənədlərin imzalanması gözlənilir. Bundan əlavə, TDT-nin nəqliyyat proqramının həyata keçirilməsi üzrə birgə fəaliyyət planı, həmçinin Astana Aktı və Astana Sammitinin Bəyannaməsi imzalanacaq.
Zirvə toplantısının sonunda TDT-yə sədrlik Özbəkistandan Qazaxıstana keçəcək.
2023-cü ildə Özbəkistan TDT-yə sədrlik edir. Sədrliyin başlanğıcı ötən ilin noyabrında “Türk sivilizasiyasının yeni dövrü: ortaq inkişaf və tərəqqiyə doğru” çağırışı altında keçirilən TDT sammiti olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)