Bakı. Trend:
ACE ("Mərkəzi-Şərqi Azəri") layihəsi başa çatmaq üzrədir.
Trend xəbər verir ki, bunu bp şirkətinin vitse-prezidenti Kolin Allan Bakıda Neft Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu İllik Xəzər Texniki Konfransında deyib.
"ACE layihəsi 6 milyard ABŞ dolları dəyərindədir. Bu, Xəzər dənizində nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının işlənilməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barrelədək istehsal gücünə malik digər obyektlər daxildir", - deyə o vurğulayıb.
Allan ACE-nin bütün regionda enerji təhlükəsizliyinin təmin olunmasına imkan yaradacağını qeyd edib.
O, həmçinin, etibarlı tədarüklərin təmin olunması üçün digər mühüm layihənin 4,3 milyard barrel ötürücülük gücünə malik, Qazaxıstan və Türkmənistandan tədarükləri də əhatə edən Bakı-Tbilisi-Ceyhan boru kəməri olduğunu əlavə edib.
Qeyd edək ki, bu gün Bakıda "SPE Xəzər Texniki konfransı" öz işinə başlayıb.
21-23 noyabr tarixlərində keçiriləcək tədbirdə dünya sənaye liderləri və texniki ekspertlər sahə üzrə səriştələrini bölüşmək, eləcə də bu sahədəki unikal çağırış və imkanları gözdən keçirmək üçün bir araya gələcək.
Xəzər regionunun dünya energetikasının gələcək dinamikalarının formalaşmasında mühüm rolunu nəzərə alaraq, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) dəstəyilə təşkil olunmuş bu konfrans ekspertlər tərəfindən seçilmiş yüksək səviyyəli proqram, regionun qarşısında duran mühüm məsələlərlə bağlı panel müzakirələr təmin edəcək və neft-qaz sahəsində ekspertlərlə netvorkinq üçün unikal imkan yaradacaq.
Proqram cari vəziyyətin qiymətləndirilməsini əhatə edəcək və investorlar, operatorlar, eləcə də servis şirkətlərinin və regiondakı dövlət orqanlarının nümayəndələrinə mühüm müzakirələr təklif edəcək.
(Tərcümə: Rəna Əbdürəhmanova)