Bakı. Trend:
Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində mühüm işlər görülüb.
Trend-in məlumatına görə, bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.
Baş nazir bildirib ki, Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonundakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 12 milyard manat vəsait ayrılıb:
"2024-cü ilin dövlət büdcəsində isə 4 milyard manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün sonrakı illərdə 14,5 mlrd. manat vəsait nəzərə alınmaqla 2022-2026-cı illərdə ümumilikdə təqribən 30,5 milyard manat məbləğində vəsait tələb olunur.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, verilən vergi, gömrük, sosial sığorta, investisiya təşviqi, kredit və digər güzəştlər paketi həmin rayonların sürətlə dirçəlməsinə, əhalinin məskunlaşmasına və davamlı iqtisadi aktivliyinin təmin olunmasına xidmət edir.
Böyük Qayıdışa dair I Dövlət Proqramı üzrə qayıdış prosesinin ilkin mərhələsinə start verilib, 2026-cı ilədək 34,500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub".
Xəbər yenilənəcək