...

BVF-in üzvləri büdcə siyasətinin buferlərini bərpa etməyin kritik əhəmiyyətini qəbul edirlər - Kristalina Georgiyeva

İqtisadiyyat Materials 19 Aprel 2024 22:00 (UTC +04:00)
BVF-in üzvləri büdcə siyasətinin buferlərini bərpa etməyin kritik əhəmiyyətini qəbul edirlər - Kristalina Georgiyeva
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Vaşinqton. Trend:

BVF-in üzvləri büdcə siyasətinin buferlərini bərpa etməyin kritik əhəmiyyətini qəbul edirlər.

Trend xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva BVF-in Vaşinqtonda keçirilən yaz iclasları çərçivəsində brifinqdə deyib.

"Bizim istədiyimiz iqtisadi artım sürətinin, həyat səviyyəsinin daha yüksək olduğu, aşağı gəlirli ölkələrin geridə qalmadığı sülhdür, davam edəcək sarsıntılara qarşı daha dayanıqlı olacaq sülhdür. Yaz iclaslarımızda əsas diqqət məhz BVF-in bu məqsədlərə nail olmaq üçün nələr edə biləcəyinə yönəldilir.

Mühüm sahələrdə nail olduğumuz irəliləyişdən çox razıyam. Birincisi, biz siyasi prioritetlər barədə razılığa gəlmişik. İnflyasiya ilə mübarizə üzrə fəaliyyəti başa çatdırmaqla yanaşı, büdcə siyasətinin bərpasının, ortamüddətli artım perspektivlərinin dirçəlişinin və hökumətlərə dəstək üzrə öhdəliklərimizin yenilənməsinin kritik əhəmiyyətini qəbul etmişik" - o deyib.

İkincisi, Georgiyevanın qeyd etdiyi kimi, IMFC-nin vəsaiti son sarsıntılardan hamıdan çox zərər çəkmiş aşağı gəlirə malik ölkələrdə mühüm rol oynayır.

"Pandemiyadan sonra güzəştli maliyyələşdirməmizi 5 dəfə artırmışıq və 57 ölkə bundan yararlanıb. Bu dəstəyi davam etdirmək niyyətindəyik və Fondumuzun o cümlədən daxili resurslardan istifadə hesabına yoxsulluğu azaltmaq və artım üçün bütün maliyyələşdirmə variantlarını araşdırmağa razılaşmışıq", - o deyib.

K.Georgiyeva artan borc problemini həll etməyin vacib olduğunu, bunun dövlət borcu olduğunu və borca xidmətin bütün dünyada artdığını qeyd edib.

"Lakin bəzi ölkələr üçün bu məsələ xüsusən kəskin və aktualdır. Bu vəziyyətə düşən ölkələrə yardım etmək üçün Dünya Bankı və Braziliyanın sədrliyi altında "Böyük İyirmiliyin" (G20) tərəfdaşlığı ilə suveren borc məslələri üzrə daha bir məhsuldar görüş keçirdik", - deyə o əlavə edib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinə başlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 aprel tarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərində keçirilir.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-Maliyyə Komitəsinin iclasları əsas tədbirlərdən biridir. Burada DBQ və BVF-in fəaliyyəti müzakirə olunur.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə və inkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaş cəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir araya gələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünya iqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılması və iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti