Bakı. Trend:
Dünya Bankı Azərbaycanda qadınların və qızların rəqəmsal bacarıqlarının inkişafını dəstəkləməyə davam etmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə bu gün Dünya Bankının Azərbaycan üzrə meneceri Stefanie Stallmeister Bakıda keçirilən "M360 Eurasia 2024" beynəlxalq konfransında çıxışında deyib.
"Hazırda Dünya Bankı Azərbaycanda həyata keçirdiyi proqram əsasən normativ-hüquqi bazanın yaradılmasına və kibertəhlükəsizlik məsələlərinin nəzərdən keçirilməsinə yönəlib. Bu, əsasən hökumətin normativ-hüquqi məsələlər üzrə konsultsiyasından ibarətdir. Həmçinin qadınlara və onların rəqəmsal bacarıqlarının inkişafına xüsusi diqqət yetirməklə tədqiqat aparmışıq və bu istiqamətdə əlavə dəstək göstərəcəyimizə ümid edirik", - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycanda baza savadlılıq səviyyəsi nisbətən yüksəkdir, lakin rəqəmsal savadlılıqla bağlı problemlər mövcuddur.
"Hazırda hər kəsin gündəlik olaraq rəqəmsal xidmətlərdən əminliklə istifadə edə bilməsini təmin etmək vacibdir", - deyə o əlavə edib.
O bildirib ki, rəqəmsal xidmətlərə etimadın formalaşması və onların rahat istifadəsi olduqca əhəmiyyətlidir.
Qeyd edək ki, 15-16 may tarixlərində Bakıda "M360 Eurasia 2024" beynəlxalq konfransı keçirilir.
Tədbirdə region üzrə aparıcı ekspertlər, tənzimləyici qurumların, mobil rabitə operatorlarının və İT korporasiyalarının rəhbərləri, eləcə də yüksək vəzifəli siyasətçilər və digər iştirakçılar bir araya gəlib.
"M360 Eurasia" Bakıda ikinci dəfədir ki, keçirilir.
(Tərcümə: Rəna Əbdürəhmanova)