Bakı. Trend:
Son 17 ildə fondlar (vertical funds) tərəfindən ayrılan iqlim maliyyəsinin sadəcə 2,4 faizi uşaqlara yönəldilib.
Trend xəbər verir ki, bu barədə UNICEF-in Avropa və Mərkəzi Asiya ölkələri üzrə dayanıqlı inkişaf və iqlim məsələlərinə dair regional müşaviri Mariya Osbek ADA Universitetində keçirilən Bakı İqlim Həftəsi çərçivəsində "Uşaqlar və iqlim dəyişikliyi məsələləri üzrə yüksək səviyyəli ekspertlərin milli dialoqu" adlı tədbirdə bildirib.
"Son 17 ildə fondlar tərəfindən ayrılan iqlim maliyyəsinin sadəcə 2,4 faizi uşaqlara yönəldilib. Bu, şübhəsiz, iqlim maliyyələşdirilməsində yeni məqsədlərin uşaqların maraqlarını nəzərə almalı olduğuna bir işarədir", - o bildirib.
M.Osbek qeyd edib ki, Avropa və Mərkəzi Asiyada, o cümlədən, Aİ ölkələrində 160 milyon uşaq iqlim dəyişikliyinin təsirlərinə qarşı yüksək və ya orta dərəcədə həssas kateqoriyaya daxildir.
"Ətraf mühit və iqlim dəyişikliyi, 5 yaşdan aşağı uşaqlarda sağlamlığın pisləşməsinə səbəb olan 5 əsas risk faktorundan 3-dür ", - o əlavə edib.
Qeyd edək ki, bu tədbir noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.
Tədbirin əsas mövzuları "enerji keçidi", "şəhərlər və urbanizasiya mühiti", "su təhlükəsizliyi", "qida və kənd təsərrüfatı", "kiçik və orta müəssisələrin bisznesi" və "yaşıl bacarıqlar" olacaq.
Həftənin birinci yarısı (30 sentyabr - 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.
İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində şəhərin müxtəlif guşələrində bir çox tədbirlər təşkil ediləcək.