Bakı. Trend:
Böyük logistika şirkəti “JUSDA Europe” Azərbaycandan daşımalar üçün tərəfdaşlar axtarmağı planlaşdırır.
Bu barədə Trend-ə “JUSDA Europe” şirkətinin nümayəndəsi David Fişkandl (David Fischkandl) Bakıda keçirilən "Qara Dəniz-Xəzər Logistika Forumu 2024: dəhlizlər, yüklər, infrastruktur" beynəlxalq konfransının kuluarlarında məlumat verib.
"Burada iştirakımızın əsas məqsədi Çinlə Avropa arasında dəmir yolu daşımalarını həyata keçirən, həmdə Orta Dəhliz kimi tanınan Cənub marşrutunun inkişafıdır. Bu istiqamət əsas prioritet olaraq qalır, lakin şirkət, eyni zamanda, Azərbaycandan avtomobil və dəniz daşımalarında da əməkdaşlığı genişləndirmək niyyətindədir", – o vurğulayıb.
Onun sözlərinə görə, “JUSDA Europe” Hindistan və Çindəki filialları vasitəsilə Mərkəzi Asiyaya ixrac fəaliyyəti ilə fəal şəkildə məşğuldur.
"Bu təcrübəmizi Çin, Hindistan və Tayvanda olan həmkarlarımızla bölüşmək istəyirik", – o əlavə edib.
Qeyd edək ki, əvvəllər “Global Logistics Solutions” adı ilə tanınan “JUSDA Europe” 2001-ci ildə Mərkəzi Avropada “Foxconn Technology Group” üçün anbar və logistika xidmətləri göstərmək məqsədilə yaradılıb. 2016-cı ildə şirkət qlobal təşkilat olan “JUSDA International”ın bir hissəsinə çevrilib.
Şirkət Avropa, Yaxın Şərq və Afrikadakı müştərilər üçün kompleks logistika xidmətləri, nəqliyyat həlləri və inteqrasiya olunmuş təchizat zənciri həlləri təqdim edir.
“JUSDA Europe” bir neçə logistika və paylama mərkəzləri qurub. Şirkət həmçinin dəniz, hava, avtomobil və dəmir yolu nəqliyyatı vasitəsilə daşımaları idarə edir.