Bişkek. Trend:
Qazaxıstan Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında maliyyə və investisiya sahəsində əməkdaşlığın genişləndirilməsinin vacib olduğunu hesab edir.
Trend xəbər verir ki, bunu Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı bildirib.
"Bu məsələdə Türk İnvestisiya Fondu xüsusi rol oynaya bilər. Tərəflər Mərkəzi Banklar Şurasının yaradılması təşəbbüsünü yekdilliklə dəstəklədilər", - o qeyd edib.
Qazaxıstan Prezidenti, həmçinin, insan kapitalının inkişafının vacibliyini vurğulayıb.
"Türk sivilizasiyasının modernləşdirilməsi üçün insan resurslarından effektiv istifadə etmək lazımdır. Gənc nəslin potensialını açmaq üçün imkanlar yaratmaq lazımdır. Elm və təhsil sahəsində əməkdaşlıq sahələrini genişləndirmək vacibdir", - o bildirib.
Dövlət başçısı imzalanacaq "Rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin TDT ölkələri üçün böyük əhəmiyyət daşıdığını qeyd edib.
O, həmçinin, türk dünyasının vahid informasiya məkanının yaradılması üçün kabel telekanallarının qarşılıqlı yayımının təşkilini təklif edib.
Son olaraq, Prezident Kasım-Jomart Tokayev, bugünkü sammit çərçivəsində əldə ediləcək razılaşmaların TDT üzv ölkələrinin potensialını gücləndirəcəyinə əminliyini bildirib.