...

Təbii resursların səmərəli istifadəsi ölkəmizin enerji siyasətinin əsas prinsipləridir - Soltan Məmmədov

İqtisadiyyat Materials 29 Noyabr 2024 14:00 (UTC +04:00)
Təbii resursların səmərəli istifadəsi ölkəmizin enerji siyasətinin əsas prinsipləridir - Soltan Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində təşkil olunmuş Parlament Konfransında qəbul olunmuş sənəddə yer tapmış və gərgin müzakirələrə səbəb olmuş məsələlərdən biri də, ənənəvi enerji növlərinin istehsalı sahəsinə ayrılan subsidiyalar, bu subsidiyaların ləğv olunması təklifləri və ətraf mühitin qorunması üçün həyata keçirilən tədbirlərə ayrılan investisiyalar olmuşdur.

Trend xəbər verir ki, bunu deputat Soltan Məmmədov Milli Məclisin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun hesabatlarına görə bir sıra ölkələr tərəfindən 2022-ci ildə qlobal ÜDM-də qazıntı enerji növlərinin istehsalına ayrılan subsidiyaların payı 7,1 % təşkil edir.

"Bunun bərpaolunan enerji keçidinə əngəl yaratması əsas gətirilərək, subsidiyaların dayandırılması və bu istiqamətdə parlamentlərə qanunverici bazada dəyişiklərin aparılması ilə bağlı tövsiyənin Parlament Konfransının sənədinə daxil edilməsi təklif edilmişdir. Müzakirələrdə təqdim olunmuş alternativ fikirlər ənənəvi enerji növlərinin istehsalının təkmiləşdirilməsi, səmərəli istifadəsi və tullantıların qarşısının alınması məsələlərinin prioritet olduğunu və dövlətlərin bu istiqamətdəki siyasətlərinin vacibliyini önə çıxardı. Nəticədə bu çağırış subsidiyaların səmərəliliyi kimi sənədə daxil edildi.

Təbii resursların səmərəli istifadəsi və xalqın rifahına xidmət etməsi ölkəmizin enerji siyasətinin əsas prinsipləridir. Bu istiqamətdə həyata keçirilən tədbirlər və müzakirə olunan qanun layihəsi təbii resursların xalqın rifahına xidmət etməsini təmin etməklə yanaşı, ətraf mühitin qorunması, yaşıl enerjiyə keçid üçün müasir texnologiyanın istifadəsində praktiki və elmi işlərin tətbiqinə imkan yaradır. Təklif edilən dəyişikliklər eyni zamanda, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə təşviqedici tədbirlərin həyata keçirilməsinə xidmət edir. Qanunda yalnız tarifləri tənzimlənən enerji növləri deyil, eyni zamanda istehsal və istehlakına görə əhəməiyyətli paya malik olan, ətraf mühitə mənfi təsir göstərən enerji növlərinin satışından əldə olunan maliyyə vəsaitinin enerji effektivliyinə xidmət edən tədbirlərə yönəldilməsi nəzərdə tutulur. Hesab edirəm ki, bu, ölkəmizin beynəlxalq platformalarda müdafiə və təşviq etdiyi siyasətə sadiq olduğunu sübut edir", - deputat əlavə edib.

O qeyd edib ki, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna təklif olunan dəyişiklik bu gün beynəlxalq ictimaiyyətin müzakirə etdiyi əsas məsələlərdən birinin həll olunmasını nəzərdə tutur.

"Çünki dəyişikliklər enerji növlərinin satışından Enerji Effektivliyi Fonduna daxil olan vəsaitlərin artmasına səbəb olacaq. Həmin vəsaitlər də bərpa olunan enerji mənbələrindən daha geniş istifadə üçün mexanizmlərin qurulmasılna imkan verəcək.

Sonda gələcək müzakirələr üçün bir təklifimi bildirmək istərdim. Enerji effektivliyi fondunun vəsaitlərinin formalaşdırılması üçün enerji istehsalçılsı ilə yanaşı energetika sahəsində xidmət göstərən texnoloji şirkətlərin də fəal iştirakını təşviq edən tədbirlərin həyata keçirilməsi məsədəuyğun olardı.

Ümumilikdə təklif olunan qanun layihəsini dəstəkləyir və həmkarlarımı layihəyə səs verməyə çağırıram", - o vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti