Bakı. Trend:
2023-cü ilin sentyabr ayından etibarən “PAŞA Holding”in dəstəyi və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Azerbaycana cəlb olunan dünyanın nüfuzlu məktəblər şəbəkəsi olan “Holberton School Azərbaijan” məktəbinin ikinci dəfə məzunlarını yola salıb. 29 noyabr tarixində baş tutan tədbirdə 46 tələbə İKT sahəsindəki təhsillərini başa vuraraq məzun olub. Məzunların seçilməsi 1000 nəfər müraciətçi arasından həyata keçirilib. Bu tələbələrdən 35 nəfər “Foundations of Computer Science”, 11 nəfər isə “Full Stack Web Development” proqramını uğurla tamamlayıb.
Məzun olan tələbələrdən 16 nəfəri artıq işlə təmin olunub. Onların 26 nəfəri hazırda universitet tələbəsidir. Tələbələrdən 10 nəfər isə ölkənin müxtəlif regionlarından proqrama qoşulub.
“Holberton School Azərbaycan” ölkədə İKT sahəsində peşəkar
mütəxəssislərin hazırlanması məqsədilə fəaliyyət göstərir. Bu günə
qədər məktəbə 5000-ə yaxın müraciət daxil olub və 167 tələbəni
əhatə edən dörd tədris dalğası həyata keçirilib.
Ümumilikdə, 22 ölkədə, 34 şəhərdə və ötən il Bakıda fəaliyətə
başlayan "Holberton School" Məktəblər Şəbəkəsi Silikon Vadisində
yüksək keyfiyyətli texnoloji proqramlarla, innovativ və praktiki
metodologiya əsasında İKT sahəsində tədris verir. Qeyd edək ki,
“Holberton School Azerbaijan”, tələbələrinə texniki və yumşaq
bacarıqlar verməklə, onları iş dünyasında uğurlu olmağa
hazırlayır.
Xatırladaq ki, innovasiyaların təşviqi, eləcə də ölkədə innovasiya
ekosisteminə dəstəyin göstərilməsi PAŞA Holding-in önəm verdiyi
istiqamətlərdəndir. Bu məqsədlə holdinq tərəfindən INMerge
İnnovasiya Sammiti və PAŞA Hakaton təşkil edilir, yerli inkubasiya
və akselerasiya mərkəzlərinə dəstək göstərilir. Qeyd edək ki,
ölkədə ilk vençur kapital fondu və kibertəhlükəsizlik məktəbi də
"PAŞA Holding"in dəstəyi ilə fəaliyyətə başlayıb.