Bakı. Trend:
Azəri-Çıraq-Günəşli (AÇG) yataqlar blokunda 1997-ci ilin noyabrında kommersiya məqsədilə istismara verildikdən 2024-cü ilin sonunadək hasil edilmiş neftin həcmi açıqlanıb.
Trend bu barədə bp şirkətinin Azərbaycanda fəaliyyətinə dair ötən ilin nəticələrinə həsr olunmuş hesabatına istinadən xəbər verir.
Məlumata görə, AÇG istismara verildikdən ötən ilin sonuna qədər ümumilikdə 4,5 milyard barrel neft hasil edilib.
Qeyd edək ki, ötən il Azəri-Çıraq-Günəşli yatağının ümumi hasilatı gündə orta hesabla 342 min barel olub. Bu, 2023-cü illə müqayisədə 5,8% və ya 21 min barel azdır. Ötən il gündəlik hasilatın həcmi Çıraq platformasından 23 min, Mərkəzi Azəri platformasından 97 min, Qərbi Azəri platformasından 75 min, Şərqi Azəri platformasından 51 min, Dərinsulu Günəşli platformasından 57 min, Qərbi Çıraq platformasından 29 min və ACE platformasından 10 min barel olub.
Ötən ilin dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.
2024-cü ilin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və 7 qaz injektoru quyusu istismarda olub. Əvvəlki illə müqayisədə neft hasilatı quyularının sayı 11 ədəd, qaz injektoru quyularının sayı 1 ədəd artıb, su injektoru quyularının sayı bir ədəd azalıb.