Bakı. Trend:
Son günlər ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti bir çox sahələrdə çətinlik yaratsa da, kənd təsərrüfatı üçün əlverişli hesab edilir. Çünki mövsümündə yağan qar torpağın su balansını qoruyur, bitkiləri dondan mühafizə edir və yazlıq əkinlər üçün əlverişli şərait yaradır. Elə mütəxəssislər də iqlimin fəslə uyğun keçməsini vacib hesab edirlər. Buna baxmayaraq, havaların qəfil isinməsi və ardınca şaxta düşməsi meyvə bağlarına və yazlıq əkinlərə mənfi təsir də göstərə bilər. Ona görə də mütəxəssislər fermerlərə fevral ayının hava şəraitini diqqətlə izləmələrini və uyğun tədbirlər görmələrini tövsiyə edirlər.
Fevral ayında yağan qarın kənd təsərrüfatının bitkiçilik sahələrinə təsiri
Kənd Təsərrüfatı Nazirliyi Strateji planlaşdırma, təhlil və hesabatlılıq şöbəsinin sektor müdiri Şövqi Lələşov Trend-ə açıqlamasında Azərbaycan Respublikasının əksər ərazilərində fevral ayının 20-dən etibarən yağan qarın kənd təsərrüfatına müsbət təsirləri olduğunu deyib.
O, xüsusilə fevralda yağan qarın payızlıq birillik bitkilər, taxılçılıq, həmçinin, meyvəçilik və yazlıq əkinlər üçün çox böyük faydaları olduğunu bildirib:
“Qar örtüyünün olması taxılçılıq sahələrində torpağda nəmliyi saxlayır, qış aylarında torpağı şaxtalardan qoruyur, eyni zamanda, rütubətin normal olması taxıl bitkilərinin kök sisteminə müsbət təsir göstərir, bitkinin sağlam inkişafını təmin edir. Qarın əriməsi ilə birlikdə torpaqda su balansı yaranır. Bu da taxıl məhsullarının müsbət inkişafı, normal böyüməsi üçün kömək edir və dolayısı ilə məhsuldarlığın artmasına gətirib çıxarır”.
Nazirlik rəsmisi vurğulayıb ki, qış aylarında yağan qarın taxılçılığa və digər kənd təsərrüfatı bitkilərinə zərər vuran siçanabənzər gəmiricilərin sayının azalmasına müsbət təsirləri var:
“Belə ki, siçanabənzər gəmiricilər qar yağan zaman qida tapmasında çətinlik çəkirlər, həmçinin, əriyən qarın suyu sözügedən gəmiricilərin yuvalarına dolur və bu da yekunda onların ölməsinə və saylarının məhdudlaşmasına gətirib çıxarır. Nəticədə, məhsuldarlıq artır”.
Qar örtüyünün meyvəçiliyə təsiri
Ş.Lələşovun sözlərinə görə, qış fəslində qar örütüyünün olması digər bitkilərdə olduğu kimi, meyvə ağacları üçün də çox vacibdir:
“Belə ki, qar torpağı şaxtadan qoruyur, köklərin torpaqda istilik balansını saxlayır, erkən vegetasiya prosesinin qarşısını alır. Bu vaxtlar qarın yağması bitkilərin tez ayılmasının qarşısını alır. Bəzən fevral ayının isti keçməsi səbəbindən ağaclar vaxtından əvvəl oyanırdı, daha sonra mart ayında havaların yenidən soyuması oyanmış ağacların çiçəklərini tökürdü. Bu da dolayısı ilə meyvənin məhv olması, məhsuldarlığın azalması deməkdir. Ona görə də fevralda qarın yağması ağacların erkən oyanmasının qarşısını alır.
Həmçinin, qar əridikdə torpaqda su balansını artırır, yaz aylarında lazım olan su ehtiyatı artır ki, bu da məhsuldarlığın yüksəlməsinə səbəb olur”.
Qar örtüyünün yazlıq əkinlərə təsiri
Sektor müdiri onu da qeyd edib ki, bu ərəfədə yağan qar yazlıq əkinlərə də faydalıdır:
“Yaz aylarında əkilən istər bostan və tərəvəz bitkiləri, istər dənli-paxlalı bitkilər, istərsə də pambıq olsun, - bu ərəfədə yağan qar bu bitkilərə də çox müsbət təsir göstərir. Belə ki, qarın yağması nəticəsində torpağın rütubət tutumu artır. Eyni zamanda, qar atmosferdə olan azotu özünə birləşdirir, daha sonra həmin azot qar vasitəsilə torpağa daxil olur ki, bu da bitki üçün təbii gübrə rolunu oynayır və torpağı zənginləşdirir”.
“Ümumilikdə, fevral ayında yağan qarın kənd təsərrüfatı üçün çox böyük faydaları olacaq. Meyvəçilik, taxılçılıq və yazlıq əkinlərdə qarın müsbət təsiri gözlənilir. Bu cür təbii hadisələr kənd təsərrüfatında davamlı inkişafın və yüksək məhsuldarlığın təmin olunmasında rol oynayır.
Qar örtüyü torpaqda olan zərərvericilər və xəstəliklərin azalmasına səbəb olur”, - deyə nazirlik rəsmisi fikrini tamamlayıb.
Qeyd edək ki, fevralın 20-dən başlayaraq ölkə ərazisində soyuq, qarlı və şaxtalı hava şəraiti davam edir. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, fevralın 24-ü axşam saatlarından 25-i səhərədək ölkədə soyuq hava şəraiti daha da kəskinləşəcək.
Bakıda və Abşeron yarımadasında minimal temperatur 5-8 dərəcə şaxta, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta olacaq.