Bakı. Trend:
Ötən il milli ödəniş sisteminin əsas komponentləri olan Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS), Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) və Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə həyata keçirilən ödənişlərin həcmi 760.2 milyard manat, ödənişlərin sayı isə 168.6 milyon ədəd olub.
Bu barədə Trend Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata əsasən, 2024-cü il ərzində Milli Ödəniş Sisteminin əsas komponentlərindən biri olan "Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi" (AZIPS) vasitəsilə həyata keçirilən əməliyyatların sayı 2.2 milyon ədəd, ümumi həcmi isə 705.8 milyard manat təşkil edib. 2023-cü illə müqayisədə AZIPS vasitəsilə kommersiya bankları tərəfindən icra olunan əməliyyatların sayında 12.5%, həcmi üzrə isə 13% artım qeydə alınıb.
Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) 2024-cü il ərzində 165.5 milyon ədəd əməliyyatın və 53 milyard manat həcmində ödənişlərin klirinqini həyata keçirib. 2023-cü il ilə müqayisədə XÖHKS vasitəsilə kommersiya bankları tərəfindən həyata keçirilən əməliyyatların ümumi sayı 14.2%, həcmi isə 8.4% artıb.
Milli Ödəniş Sisteminin ən müasir komponentlərindən biri olan və 7/24 rejimində fasiləsiz fəaliyyət göstərən Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə icra edilən əməliyyatların sayı 2023-cü illə müqayisədə 36.3%, həcmi isə 30.2% artıb. “2024-2026-cı illər üzrə maliyyə sektorunun inkişaf strategiyası”nda AÖS-ün Milli Ödəniş Sistemindəki payının artırılması və geniş tətbiqinin təşviqi əsas prioritetlərdən biri kimi müəyyən edilib.