Bakı. Trend:
Ötən il Azərbaycanda “Apple Pay” və “Google Pay” vasitəsilə aparılan ödənişlərin sayı və həcmi 2023-cü illə müqayisədə 2 dəfə artıb.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata görə, hesabat dövründə istifadəçilər tərəfindən POS-terminallar vasitəsilə aparılan hər 3 təmassız ödənişdən 1-i məhz “ağıllı cihaz”lar vasitəsilə həyata keçirilib.
Qeyd edək ki, hesabat dövründə ödəniş kartları vasitəsilə aparılan ölkədaxili əməliyyatlarda nağdsız dövriyyənin xüsusi çəkisi 2023-cü il ilə müqayisədə 8.6 faiz bəndi artaraq tarixi maksimuma çatıb və 64.2% olub.
Xatırladaq ki, ötən il ərzində Milli ödəniş sistemi vasitəsilə emal olunan əməliyyatların həcmi 760.2 milyard manat olmuş və ÜDM-in 6 mislini təşkil edib. Gündəlik ödənişlərin həyata keçirilməsində istifadə olunan əsas ödəniş alətini debet və kredit kartları təşkil etmiş və bu kartlarla ölkə daxilində aparılan nağdsız ödənişlərin həcmi 2023-cü illə müqayisədə 61% yüksələrək 78.9 milyard manat olub.