Bakı. Trend:
Mərkəzi Bank cari ildə emissiya prospektlərindəki nöqsanların minimallaşdırılması üçün iki hədəf müəyyənləşdirib.
Trend xəbər verir ki, bu barədə Mərkəzi Bankın Kapital Bazarı Fəaliyyətinə Nəzarət Departamentinin Lisenziyalaşdırıma üzrə Qeydiyyat şöbəsinin rəisi Asəf Məmmədov bu gün Bakıda keçirilən 12-ci Beynəlxalq "Caspian Investment Forum"unda deyib.
O, emissiya prospektinin tərtib edilməsinin mürəkkəb bir proses olduğunu bildirib:
"Bununla bağlı biz daim emitentlərə lazımi dəstəyi göstərməyə çalışmışıq. Ötən il kapital bazarı üzrə rekord sayda - 65 emissiya prospektini təsdiq etmişik. Biz bununla kifayətlənmirik. Cari ildə bu sahədə nöqsanların minimallaşdırılması üçün özümüzə iki hədəf müəyyən etmişik.
Bunlardan biri ən çox rast gəlinən nöqsanlarla bağlı bazar iştirakçılarına təqdimatın keçirilməsidir. Artıq bu üzrə müvafiq işlərə başlamışıq. Yaxın aylarda investisiya şirkətlərini və aktiv emitentləri dəvət etməklə geniş tərkibdə təqdimatın keçirilməsini planlaşdırırıq.
İkinci planımız emissiya prospektləri ilə bağlı metodoloji dəstək göstərilməsidir. Bununla bağlı da biz həm emissiya prospekti, həm də bazar emissiya prospekti və baza informasiya memorandumu üzrə sənədlərin, təqdimatın hazırlanmasını nəzərdə tuturuq. Gələcəkdə biz süni intellekt texnologiyalarının da bu sahədə istifadəsi planlaşdırılır".
Şöbə rəisinin sözlərinə görə, şirkətlərinin rolu təkcə emitentlərin bazara çıxışına dəstək olmaqla məhdudlaşmamalıdır, onların effektiv fəaliyyəti daha keyfiyyətli prospektlərin ortaya çıxmasına və qeydiyyat prosesinin sürətlənməsinə böyük dəstək ola bilər:
"Bununla bağlı olaraq onlar eyni zamanda emitentlərin qiymətləndirilməsi və onların bazara çıxışı, bazara hazır olması ilə bağlı dəstək verməlidirlər. Biz son vaxtlar emitentlər və anderraytinq həyata keçirən şirkətlər bəzən prospektləri ayrı-ayrılıqda tərtib edirlər. Bununla bağlı bizə müraciətlər daxil olur. Belə olduqda nöqsanlar da daha çox olur".
"Ona görə də tövsiyə edirəm ki, emissiya etməkdə niyyəti olan emitentlərimiz və anderraytinq şirkətlərimiz birlikdə bu prospektləri tərtib etsələr, nöqsanlar daha az olar. Çünki bəzən anderraytinqin şirkətləri tərəfindən qoyulan şərtlər emitentlərin planlarına, strategiyalarına uyğun gəlmir.
Anderraytinq şirkətləri təktərəfli emitentlər hazırlayanda bazarın son tendensiyalarından, qanunvericilik tələblərindən bəzən xəbərsiz olaraq şərtlər qoyurlar. Bu da biz tərəfdən nöqsan kimi qiymətləndirilir", - deyə o qeyd edib.