Bakı. Trend:
Sığorta sektoru artım potensialını reallaşdırmaqdadır. 2024-cü ildə toplanmış sığorta haqları ötən ilin sonuna nisbətdə 10.6% (130 milyon manat) artaraq 1353 milyon manata çatıb. Sığorta haqların 54%-i həyat sığorta siniflərindən, 46%-i isə qeyri-həyat sığorta siniflərindən formalaşıb.
Trend xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Vüqar Əliyev bu gün maliyyə sabitliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, həyat sığortası üzrə yığım 16.7 % artaraq 734 milyon manat, qeyri-həyat sığortası üzrə isə 4.4% artaraq 619 milyon manat təşkil edib:
"Həm həyat sığortası, həmdə qeyri-həyat sığortası üzrə artımın əsas qüvvəsi könüllü sığorta sinifləri olub. Könüllü sığorta sinifləri 13.9% (123 milyom manat) artaraq 1011 milyon manat, icbari sığorta sinifləri isə 2.4% (8 milyon manat) artaraq 342 milyon manat təşkil edib".
"Könüllü sığorta siniflərində artımı şərtləndirən əsas amil həyatın yaşam sığortası sinfi olun. Belə ki, könüllü sığorta üzrə artımın 76%-i (94 milyon manat) məhz bu sinif hesabına formalaşıb. Sektorda yığılan haqlar artsa da, artım məhdud sayda şirkət hesabına baş verib", - o qeyd edib.