Bakı. Trend:
ABŞ rüsumlarının Mərkəzi Asiya və Cənubi Qafqaz regionu ölkələrinə birbaşa iqtisadi təsirləri məhdud olacaq.
Trend xəbər verir ki, bu barədə “Moody’s” reytinq agentliyinin hesabatında deyilir.
“Aprelin 9-da ABŞ bir sıra ölkələrdən, o cümlədən, Qazaxıstandan idxal olunan mallara yüksəldilmiş əlavə rüsumların tətbiqini ertələdi.
İlk olaraq Qazaxıstan üçün ABŞ-yə ixracda 27 faizlik tarif dərəcəsi nəzərdə tutulurdu ki, bu da 5 aprel tarixində Mərkəzi Asiya və Qafqaz ölkələri – Qırğızıstan, Tacikistan, Azərbaycan və Gürcüstan üçün qüvvəyə minmiş 10 faizlik əsas rüsumdan xeyli yüksək idi. Bu rüsumların region ölkələrinə birbaşa iqtisadi təsiri məhdud olacaq.
Rüsumların özlərinin mülayim xarakter daşıması ilə yanaşı, bu ölkələrin ümumi ixrac həcmlərində ABŞ-nin payı azdır və ixracın böyük bir hissəsi yeni tədbirlərin təsir dairəsinə düşmür. Məsələn, Qazaxıstan Ticarət Nazirliyinin məlumatına əsasən, ölkənin ABŞ-yə ixracının 90 faizindən çoxu xam neft, uran, gümüş və digər xammal məhsullarının payına düşür və bu məhsullar rüsumlardan azaddır”, - deyə reytinq agentliyindən bildiriblər.
Qeyd olunur ki, eyni zamanda, Mərkəzi Asiya və Qafqaz ölkələrinin iqtisadiyyatları, eləcə də, bəzi sahələr dolayı təsirlərə məruz qala bilər. Əgər ABŞ-nin tarif siyasəti qlobal iqtisadi artımın ləngiməsinə gətirib çıxararsa — xüsusilə regionun əsas ticarət tərəfdaşları olan Rusiya, Çin və Avropa İttifaqında — bu təsirlər daha aydın nəzərə çarpa bilər.
“Xammal qiymətlərinin aşağı düşməsi regionun əksər ölkələrinin əsas ixracına təzyiq göstərmiş olacaq, işgüzar aktivliyin və investisiyaların azalması isə onların istehsalına olan tələbatı azaldacaq. Digər yandan, qlobal ticarət axınlarının dəyişməsi region üçün müəyyən perspektivlər - məsələn, ABŞ bazarından yönünü dəyişən müxtəlif avadanlıq, metal və tikinti materialları kimi mallara yerli bazarlarda daha əlverişi qiymətlərin müəyyənləşdirilməsi kimi imkanlar yarada bilər. ABŞ-nin daha geniş idxal rüsumları tətbiq etməsindən qaynaqlanan miqyaslı ticarət müharibəsi, eyni zamanda, zərərçəkən ölkələri yeni ticarət tərəfdaşlarının axtarışına təhrik edə bilər ki, bu da təbii sərvətlərlə zəngin olan Mərkəzi Asiya və Qafqaz ölkələrinə marağı potensial olaraq artıracaq.
Region, həmçinin, şimal və cənub, şərq və qərb arasında körpü rolunu oynayan əhəmiyyətli nəqliyyat-logistika potensialına malikdir. Xüsusilə Asiya ilə Avropa arasında dəmir yolu yük daşımaları Qazaxıstan və Azərbaycanın dəmir yolu tranzit sektorlarında artımı stimullaşdıra bilər. Bu isə öz növbəsində investisiyaların cəlb olunmasına və sürətlə inkişaf edən sahələrdə bank kreditlərinə olan tələbatın artmasına səbəb ola bilər. Lakin yüksək iqtisadi qeyri-müəyyənlik fonunda əhəmiyyətli risklər qalmaqdadır", - deyə hesabatda qeyd olunur.
“Moody’s” analitikləri qeyd edirlər ki, son illər regionun ən iri iqtisadiyyatları - Qazaxıstan, Azərbaycan və Özbəkistan öz iqtisadiyyatlarının şaxələndirilməsi və dayanıqlılığının artırılmasında mümüm irəliləyişə nail olub.
“Regionun əksər ölkələrinin bank sistemləri, həmçinin, onların mülayim şokların öhdəsindən gəlməsinə imkan verən əhəmiyyətli buferlər formalaşdırıblar. Pandemiyadan və 2014-2015-cü illərin valyuta böhranından sonra tənzimləmənin sərtləşdirilməsi bir sıra inkişaf etməkdə olan ölkələrin bank sistemlərində dollarlaşmanın azalmasına vəsilə olub ki, bu da onun xarici təsirlərə həssaslığını azaltmış olur”, - deyə hesabatda qeyd edilir.