...

Gələn il ani ödənişlərin MÖS-də çəkisi 25%-ə yüksələcək

İqtisadiyyat Materials 22 Aprel 2025 16:32 (UTC +04:00)
Gələn il ani ödənişlərin MÖS-də çəkisi 25%-ə yüksələcək
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda nağdsız əməliyyatların adambaşına düşən illik sayının bu il üzrə 165, gələn il üçün isə 200 ədədə çatacağı proqnozlaşdırılır.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı “Maliyyə sektorunun inkişaf Strategiyası”nın 2024-cü il üzrə icra statusuna istinadən xəbər verir.

Eyni zamanda ani ödənişlərin Milli Ödəniş Sistemi (MÖS) əməliyyatlarında çəkisinin bu il üçün 15%, 2026-cı il üzrə isə 25% olacağı ehtimal edilir.

Bundan başqa, kart əməliyyatlarında nağdsız ödənişlərin çəkisinin bu il üçün 65%-ə, gələn il üzrə isə 70%-ə yüksələcəyi gözlənilir.

Bildirilir ki, cari hesablardan aparılan müştəri köçürmələrində rəqəmsal bankçılığın çəkisi bu il 86%-ə, 2026-cı ildə isə 90%-ə yüksələcək.

Həmçinin pərakəndə ticarət dövriyyəsində nağdsız ödənişlərin çəkisinin cari ildə 30%, 2026-cı ildə isə 40% olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, ödəniş sektorunda innovativ həllərin tətbiqi ilə yanaşı ödəniş xidmətlərinə əlçatanlığın artırılması, ödəniş bazarında şəffaflıq və rəqabətliliyin gücləndirilməsi diqqət mərkəzindədir. Ödəniş xidmətləri üzrə təhlükəsizliyin və səmərəliliyin təmin edilməsi məqsədilə milli ödəniş sisteminin müasirləşdirilməsi, bazar iştirakçıları üçün əlverişli mühitin yaradılması və effektiv nəzarət çərçivəsinin formalaşdırılması da nəzərdə tutulur. Ödəniş sektoru üzrə başlıca strateji hədəf olaraq adambaşına düşən orta illik nağdsız əməliyyat sayının cari 93-dən potensial olaraq 200-ə çatdırılması planlaşdırılır. Nəticə etibarilə, rəqabət qabiliyyətli və innovativ ödəniş ekosisteminin formalaşdırılması və nağdsız ödənişlərin genişləndirilməsinin iqtisadi artıma əhəmiyyətli töhfə verəcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti