Milan. Trend:
Asiya İnkişaf Bankı ASEAN Enerji şəbəkəsi layihəsinin gerçəkləşdirilməsinə 10 milyard dollara yaxın vəsait ayırmağa hazırdır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AİB prezidenti Masaato Kanda bu gün Milanda keçirilən AİB İdarə heyəti şurası iclasının açılış mərasimində bildirib.
"Biz Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatlarının enerji sistemlərini modernləşdirən və birləşdirən ASEAN Enerji Şəbəkəsi kimi təşəbbüslər sayəsində enerji inqilabının ön cəbhəsində dayanırıq. Asiya İnkişaf Bankı bu ideyanın gerçəkləşməsi üçün 10 milyard dollara qədər vəsait ayırmağa hazırdır", – deyə o vurğulayıb.
Kanda bildirib ki, bank davamlı infrastrukturun qurulmasına, ekosistemlərin bərpası və mühafizəsinə, eləcə də, daha ciddi iqlim və ekoloji risklərə məruz qalan dünyaya uyğunlaşmaqda həssas icmalara dəstəyin artırılması istiqamətində investisiyaları genişləndirir.
"Biz rəqəmsallaşmaya aktiv şəkildə investisiya yatırırıq. Etibarlı, əlçatan və təhlükəsiz rəqəmsal xidmətlərə çıxış – yeni imkanların əsasını təşkil edir. AİB-in rəqəmsal texnologiyalar sahəsində dəstəyi milyonlarla insanın rəsmi maliyyə xidmətlərinə çıxış əldə etməsinə, ödəniş platformalarının modernləşdirilməsinə və Sakit okean regionu ölkələrində və onun hüdudlarından kənarda milli rəqəmsal şəxsiyyət vəsiqələrinin tətbiqinə töhfə verir.
Bu, xərclərin azalmasına, şəffaflığın artmasına və etimadın möhkəmlənməsinə səbəb olur", – deyə bankın prezidenti qeyd edib.