Bakı. Trend:
Bakıda Azərbaycan-Belarus biznes-forumu keçirilib.
Trend xəbər verir ki, tədbirdə Azərbaycanın İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icracı direktoru Yusif Abdullayev, Belarus ticarət-sənaye palatasının sədri Mixail Myatlikov, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, o cümlədən, digər rəsmi şəxslər iştirak edib.
Forumdan qabaq B2B sessiyası keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev çıxış edərək bildirib ki, 2025-ci ilin birinci rübündə Azərbaycan və Belarus arasında ticarət dövriyyəsi 100 milyon dolları ötüb.
Onun sözlərinə görə, iki ölkə arasında ticari-iqtisadi əməkdaşlıq dayanıqlı müsbət dinamika nümayiş etdirir:
“Azərbaycan məhsullarının Belarusa ixracı 82 faiz artıb və 18 milyon dollar təşkil edib”,- deyə o qeyd edib.Yusif Abdullayev bildirib ki, Azərbaycanın “İstisu” mineral suyu yaxın gələcəkdə Belarus bazarına çıxacaq.
“Artıq “İstisu” mineral suyunun Belarusa tədarükü üzrə müqavilə imzalanıb. Məhsul laborator sınağa göndərilib və biz mütəmadi ixracın tez bir zamanda başlayacağına ümid edirik”, - deyə o bildirib.
O əlavə edib ki, Azərbaycan və Belarus Şərqi Zəngəzur iqtisadi rayonunda layihələri inkişaf etdirir.
“Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa işləri aparılır. Xarici şirkətlərlə, o cümlədən, Belarus şirkətləri ilə müxtəlif tərəfdaşlıq modelləri işlənib hazırlanır. Ağıllı kəndlər və aqrar qəsəbələrin yaradılması üzrə layihələr həyata keçirilir”, - deyə o qeyd edib.
Y.Abdullayevin sözlərinə görə, Belarus biznesinin bu layihələrdə iştirakı perspektivli istiqamət kimi dəyərləndirilir.
“Azad edilmiş ərazilərin bərpasına Belarus şirkətlərinin cəlb olunmasında böyük potensial görürük”, - deyə o vurğulayıb.
Belarusun ticarət-sənaye palatasının sədri Mixail Myatlikov isə öz növbəsində bildirib ki, Azərbaycan Belarusun aparıcı ixrac tərəfdaşlarının sırasına düşüb.
“Ötən ilin nəticələrinə əsasən, Azərbaycan Belarusun ticarət tərəfdaşları arasında 13-cü yerdən 11-ci yerə yüksəlib və ticarət həcminə görə yeddinci yeri tutub. Bu, bizim şirkətlərin apardığı sistemli işin və mütəmadi ikitərəfli səfərlərin nəticəsidir”, - deyə Myatlikov bildirib.
Onun sözlərinə əsasən, 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi 46 faiz artıb. Ən çox nəzərəçarpan artım Belarus ət və süd məmulatları, neft məhsulları və taxta materiallarının tədarükündə müşahidə olunub.
“Ticarət dövriyyəsinin 46 faiz artması ölkələrimizin biznesinin bir-birinin bazarında yeni işlərə fəal şəkildə daxil olduğunu göstərir”, - deyə o vurğulayıb.
“Azərbaycan il ərzində bizim ixrac reytinqimizdə əmin addımlarla irəliləyib ki, bu da iqtisadi əməkdaşlığın davamlı inkişafından xəbər verir”, – deyə Myatlikov əlavə edib.
Tədbirin yekununda Azərbaycan və Belarus arasında bir sıra sazişlər bağlanıb.
Sənədlərin siyahısı aşağıdakı kimidir:
- Belarus Universal Əmtəə Birjası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum;
- “Mostovdrev” və “Sosna” şirkətləri arasında məhsul tədarükünə dair üç müqavilə;
- “Kamvol” şirkəti ilə “Smart Style” arasında məhsul tədarükü haqqında müqavilə;
- “Spartak” şirkəti ilə “AZNUR” arasında məhsul tədarükünə dair müqavilə;
– “Minsk Süd Zavodu №1” ilə “AZNUR” arasında əməkdaşlıq haqqında saziş;
– “Minsk Süd Zavodu №1” ilə “Araz Supermarket” arasında əməkdaşlıq haqqında saziş;
– “Mark Formelle” ilə “N-Qrup” arasında niyyət sazişləri.