Bakı. Trend:
Azərbaycan "yaşıl" enerjinin inkişafı istiqamətində mühüm addımlar atır və "yaşıl" hidrogen ölkənin gələcək enerji balansında əsas elementə çevrilməkdədir.
Trend xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Londonda keçirilən Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısı çərçivəsində “Azərbaycan: yaşıl inkişaf və dayanıqlı bağlantı üçün yeni imkanlar” mövzusunda panel müzakirəsində çıxış edərkən bildirib.
Soltanov ölkənin enerji sahəsindəki strategiyasından və bu strategiyanın bərpa olunan enerji mənbələrinə yönəldilməsindən danışıb. O etiraf edib ki, Azərbaycan hələ hidrogen texnologiyaları sahəsində lider deyil, lakin dəniz külək enerjisi potensialının yüksək olduğunu və bu sahənin "yaşıl" hidrogenin inkişafında mühüm rol oynaya biləcək.
“Biz artıq hidrogen, xüsusilə də "yaşıl" hidrogeni enerji saxlama sistemi kimi ciddi şəkildə nəzərdən keçirməyə başlamışıq. Enerjinin saxlanması sistemləri çox bahalıdır, lakin hidrogen bu baxımdan yaxşı xüsusiyyətlərə malikdir. Enerji çox olduqda və ondan istifadə mümkün olmadıqda, nəticədə enerji çatışmazlığı yarana bilər. Bəs bu artıq enerjidən istifadə edərək hidrogen istehsal edib, onu çatışmazlıq zamanı elektrik enerjisinə çevirmək və ya molekul şəklində ixrac etmək olarmı? Bizim ideyamız bu idi”, – deyə Soltanov izah edib.
Bundan əlavə, nazir müavini Azərbaycanın "mavi" hidrogen sahəsində də rəqabət üstünlüklərinə malik olduğunu bildirib. O, təbii qaz və karbonun tutulması və saxlanması üçün ideal sayılan tükənmiş neft yataqlarına istinad edib. “Bizim təbii qazımız var, karbonun tutulması və saxlanması üçün tükənmiş neft və qaz yataqlarımız mövcuddur. Lakin biz imkan daxilində məsləhətçilərimizi ekoloji cəhətdən təmiz enerjidən istifadəyə istiqamətləndirmişik”, – deyə o əlavə edib.
Soltanov həmçinin qeyd edib ki, dünyada baş verən dəyişikliklər Azərbaycanın "yaşıl" hidrogenlə bağlı gözləntilərinə də təsir göstərib:
“Beş il əvvəl bizim "yaşıl" hidrogendən gözləntilərimiz daha yüksək idi. Bu gün isə həmin gözləntilər dəyişib. Amma buna baxmayaraq, biz əməkdaşlıq etdiyimiz hər bir konsaltinq şirkətinə "yaşıl" hidrogenlə bağlı məsələləri daxil edirik”, – deyə o bildirib.
Sonda isə o vurğulayıb: “Xəzərin miqyasını və qeyd etdiyim infrastrukturu nəzərə alaraq, biz hesab edirik ki, uğur qazanmağımıza kömək edəcək ekosistem və simbiotik münasibətlər yarada biləcəyik.”