Bakı. Trend:
Nə qədər belə platformalar, sərgilər çox olsa, biz bir o qədər bu cür sərgilərdə şirkətlərin təşviqi ilə məşğul olacağıq.
Bunu Trend-ə açıqlamasında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev deyib.
O bildirib ki, Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") artıq illərdir ki, özünü ciddi bir platforma kimi sahibkarlara təqdim edir: "Sərgiyə xarici şirkətlərin marağı ildən-ilə artır. Sərginin həcminə də baxdıqda biz bunu görürük. Bu onun göstəricisidir ki, həm daxili, həm də xarici şirkətlər sərgidə iştirakda ciddi maraqlıdırlar. AZPROMO olaraq bizim işimiz əsasən qeyri-neft-qaz ixracını genişləndirməkdir. Nə qədər belə platformalar, sərgilər çox olsa, biz bir o qədər bu cür sərgilərdə şirkətlərin təşviqi ilə məşğul olacağıq".
Sərgidə 8 yerli şirkətin təmsil olunduğunu söyləyən Yusif Abdullayev vurğulayıb ki, onların arasında məhsullarını ixrac edən və etməyən şirkətlər də var: "Məhz onların bu gün bizim stenddə durmasının səbəblərindən biri də odur ki, məhsullarını bu sərgi vasitəsilə yeni bazarlara çıxara bilsinlər.
Eyni zamanda, AZPROMO stendində digər şirkətlər də var ki, Yaponiya, ABŞ, İsrail və Rusiya kimi ölkələrə məhsullarını ixrac edirlər. Həmçinin stendimizdə Yeni Zelandiyaya qədər məhsulunu ixrac edən yerli şirkət də mövcuddur".
"Biz həm məhsullarını ixrac etməyən, həm də ixrac edən yerli şirkətlərə dəstək olmağa çalışırıq. Ümid edirik, məhsullarını ixrac etməyən yerli şirkətlər partnyorlarının tapılması üçün sərgidən maksimum yararlanacaq", - deyə Y. Abdullayev qeyd edib.