Bakı.Trend:
Hazırda Şuşa şəhərində 4 ədəd, Xankəndi şəhərində 10 ədəd, Ağdam rayonunda 2 ədəd, Zəngilan və Laçın rayonlarının isə hər birində 1 ədəd hotel turistlərin xidmətindədir.
Bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Turizm Agentliyindən bildirilib.
Qeyd edilib ki, işğaldan azad edilmiş şəhər və rayonlarımıza səfər edən turistlərin istirahətinin təşkili üçün mehmanxanalar və ictimai-iaşə obyektləri fəaliyyət göstərir. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunan ərazilərdə turizm infrastrukturunun yaradılması istiqamətində işlər davam etdirilir.
2023-cü ilin oktyabrında Suqovuşan qəsəbəsində su anbarının ətrafında yaradılan parkda əhalinin asudə vaxtının səmərəli təşkili üçün sahilboyu gəzinti cığırları salınıb, oturacaqlar, söhbətgahlar, uşaqlar üçün əyləncə meydançası, idman qurğuları quraşdırılıb. Ərazisi 7,5 hektar olan parkda, həmçinin turist informasiya mərkəzi, kafe, üzən estakada, nəqliyyat vasitələri üçün avtodayanacaq yaradılıb.