...

Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub (FOTO)

Gündəm Materials 16 May 2025 15:24 (UTC +04:00)
Siena Əcnəbilər Universitetinin nümayəndə heyəti AzMİU-da olub (FOTO)

Bakı. Trend:

İtaliyanın ən prestijli ali təhsil müəssisələrindən biri olan Siena Əcnəbilər Universitetinin rektoru professor Tomaso Montanarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Dəyirmi masa ətrafında təşkil olunan görüşdə italiyalı nümayəndə heyətini AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov qəbul edib. Görüş zamanı professor Akif Qasımov universitetin fəaliyyəti, tədris strukturu və beynəlxalq əlaqələri barədə qonaqlara məlumat verib. Bildirilib ki, memarlıq və inşaat təhsili sahəsində ölkənin aparıcı ali təhsil müəssisələrindən biri olan AzMİU-nun məzunları ölkənin inkişafında mühüm rol oynayır. Hal-hazırda universitetdə 600-dən artıq professor-müəllim heyəti çalışır və tədris Azərbaycan, rus və ingilis dillərində aparılır. Memarlıq və dizayn ixtisaslarında italyan dili də tədris olunur.

Prorektor qeyd edib ki, AzMİU-da italyan dilinin tədrisinə xüsusi diqqət ayrılır və bu istiqamətdə tədrisin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması əsas prioritetlərdəndir.

Siena Əcnəbilər Universitetinin rektoru professor Tomaso Montanari çıxışında rəhbərlik etdiyi ali təhsil müəssisəsinin tarixi, akademik strukturu və beynəlxalq əlaqələri barədə məlumat verib. O, AzMİU ilə qurulacaq tərəfdaşlıqdan məmnunluğunu ifadə edərək, xüsusilə memarlıq və dizayn sahəsində italyan dilinin tədrisinə dəstək verə biləcəklərini və bu sahədə əməkdaşlığa açıq olduqlarını bildirib.

Siena Əcnəbilər Universitetinin nümayəndə heyətinin tərkibinə rektorun müşaviri professor Pietro Cataldi, professor Sabrina Machetti, professor Giovanni Amadori, professor Michela Cavagni daxil olub.

Görüşdə AzMİU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev və şöbənin əməkdaşı Kamran İsmiyev də iştirak ediblər.

Tərəflər görüş zamanı əsas diqqəti AzMİU-da italyan dilinin tədrisinə yönəldərək bu sahədə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Danışıq zamanı dil kurslarının təşkili, yay və qış məktəblərinin keçirilməsi, tədris resurslarının təkmilləşdirilməsi və müəllim-tələbə mübadiləsi kimi istiqamətlərdə mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti