...

Plastik cərahiyyə məsələsi tam həllini tapıb, bu mövzuya bir də qayıtmaq istəmirəm – Səhiyyə naziri

Cəmiyyət Materials 16 May 2025 14:25 (UTC +04:00)
Plastik cərahiyyə məsələsi tam həllini tapıb, bu mövzuya bir də qayıtmaq istəmirəm – Səhiyyə naziri
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Plastik cərahiyyə məsələsi tam həllini tapıb, bu mövzuya bir də qayıtmaq istəmirəm.

Trend xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsində və digər 3 qanunda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Xüsusi Təftiş Komissiyasının işi nəticəsində Azərbaycan Respublikası ərazisində plastik, rekonstruktiv və estetik cərrahiyyə üçün fəaliyyət göstərməsinə icazə verilən 42 plastik cərrah müəyyən olunub. Həmin siyahı ictimaiyyətə açıqlanıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcılarına - ümumi cərrahlar, üz-çənə, burun-boğaz cərrahlarına öz ixtisasları çərçivəsində plastik və rekonstruktiv cərrahiyyə ilə bağlı müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ qanun çərçivəsində tam həllini tapıb. Bu mövzuya bir daha qayıtmaq istəmirəm”, - deyə nazir vurğulayıb.

Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi hazırda Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin nəzdində Plastik və rekonstruktiv cərrahiyyə şöbəsi yaradır və tam təchiz edir.

“Həmin şöbədə komissiyadan keçən 42 mütəxəssis fəaliyyət göstərəcək. Onların içərisində xaricdə təhsil alan həmyerlilərimiz, hətta aralarında tibb üzrə fəlsəfə doktorluğu dissertasiyası müdafiə edən insanlar da var. Düşünürəm ki, bu şöbə nümunəvi olacaq”, - deyə o qeyd edib.

Səhiyyə naziri əlavə edib ki, gələcəkdə 70 yaşı olan həkimlərin əqli fəaliyyətini qiymətləndirmək üçün komissiya yaradıla bilər.

“65 yaşa çatan tibb işçilərinin sertifikasiyaya cəlb edilməməsi məsələsi ilə razı ola bilmirəm. Ona görə ki, onların mütəmadi olaraq fəaliyyət müddətini uzadırıq. Bir neçə il uzadaraq ən aşağı 70 ilə yaxın yaşı olan insanlar çalışır və biz onlara böyük hörmətlə yanaşırıq. 65 yaşlı həkimlərin sertifikasiyaya cəlb olunması həmçinin onların əqli fəaliyyətini də qiymətləndirir. Bəzi ölkələrdə 70 yaşından sonra tibb işçiləri üçün xüsusi komissiya yaradılır. Onlar hər il o komisisiyadan keçirlər, əgər əqli fəaliyyətləri normaldırsa, onlara həmin peşə çərçivəsində fəaliyyətlərini davam etdirməyə icazə verilir. Bu, gələcəyin məsələsidir. Səhiyyyə Nazirliyi tərərfindən bu istiqamətdə də addımlar atılır”, - deyə T.Musayev fikrini tamamlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti