Tirana. Trend:
Avropa təhlükəsizliyinin gələcəyini müzakirə etdiyimiz bu kritik dövrdə Avropa Birliyinin öz təhlükəsizlik sənayesini inkişaf etdirməyə yönəlmiş səyləri faydalı və vacibdir.
Trend xəbər verir ki, bunu Albaniyada «Avropa Siyasi Birliyi»nin 6-cı Zirvə toplantısı çərçivəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğanın sözlərinə görə, keçmişdə Avropada yaşanan bir çox savaş və ixtilaf bizlərə göstərdi ki, müdafiə və təhlükəsizlik kimi son dərəcə həyati mövzularda bölündükcə zəifləyirik, birləşdikcə güclənirik:
"Ortaq gələcəyimizi düşünən zaman şübhəsiz ki, iqtisadi təhlükəsizliyimizi təminat altına alacaq addımları da müzakirə etməliyik. Avropa Birliyi ilə gömrük birliyimizin yenilənməsinin tədarük zincirlərinin təhlükəsizliyinə töhfə verəcəyi qənaətindəyik. Bu addımın səhiyyə, müdafiə sənayesi kimi kritik sektorlarda ortaq investisiya və istehsal imkanlarının yolunu açacağına inanırıq".
O qeyd edib ki, insanlarımızın, dolayısıyla məhsul, xidmət və sərmayənin hərəkətlərini məhdudlaşdıran Şengen kimi viza layihələrinin də nəzərdən keçirilməsi şərtdir.
"Çoxtərəfli logistika xəttlərinin mərkəzində olan Türkiyə Avropanın fasiləsiz tədarük zəncirlərinin təhlükəsizliyinə ciddi töhfə verir", - deyə Ərdoğan əlavə edib.