Bakı. Trend:
Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəzanın müddəti artırılır.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Bu dəyişiklik sözügedən cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılması və az ağır cinayət hesab edilməsinə səbəb olacaq.
Bununla yanaşı, Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, oğurluq böyük ictimai təhlükə törətməyən cinayətlər sırasından çıxarıldığı üçün oğurluğa görə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat aparılmayacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.