Bakı. Trend:
İnsan alveri insan ləyaqətinin, hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına səbəb olan ağır cinayətdir. Azərbaycan bu sahədə hüquqi və institusional baza formalaşdırıb, milli və beynəlxalq öhdəliklərə uyğun şəkildə fəaliyyəti təmin edib. Lakin yeni geosiyasi dəyişikliklər, əmək miqrasiyası, rəqəmsal texnologiyaların sürətli inkişafı və münaqişələr yeni çağırışlar yaradır və insan alverinə qarşı mübarizədə daha çevik, qabaqlayıcı yanaşmaları zəruri edir.
Trend xəbər verir ki, bunu Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2024-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatının müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, Cinayət Məcəlləsinə insan alverinin spesifik formaları – məcburi evlilik, reproduktiv istismar və digər bu kimi məqamlar ayrıca cinayət tərkibi kimi daxil edilməlidir:
“Uşaq alveri və istismarı ilə bağlı cinayət məsuliyyəti daha sərt və çəkindirici xarakter daşımalıdır. İnsan alverinə yardım edən və ya ondan qazanc götürən hüquqi şəxslərin məsuliyyəti konkretləşdirilməli, ciddi hüquqi mexanizmlərlə tənzimlənməlidir. Qurbanların hüquqlarını pozan fiziki və hüquqi şəxslərə qarşı inzibati sanksiyalar sərtləşdirilməli, əmək və miqrasiya münasibətlərində istismarın qarşısını alan mexanizmlər gücləndirilməlidir. “İnsan alverinə qarşı mübarizə haqqında” Qanunda qurban anlayışı genişləndirilməli, daxili insan alveri xüsusi hüquqi kateqoriya kimi tanınmalı, erkən nikahlar, məcburi əmək və sosial istismarla bağlı ayrıca bölmələr əlavə olunmalıdır. Reabilitasiya və sosial müdafiə tədbirləri, hüquqi və psixoloji dəstək mexanizmləri qanunvericilikdə dəqiq şəkildə əks olunmalı, bu sahədə qeyri-peşəkar müdaxilələrin qarşısı alınmalıdır”.
Deputat vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları, sərhədçilər və əmək müfəttişləri üçün ixtisaslaşdırılmış təlimlər mütəmadi təşkil olunmalı, ilkin identifikasiya və müdaxilə prosedurları standartlaşdırılmalıdır.
“Regionlarda sığınacaq və reabilitasiya mərkəzlərinin şəbəkəsi genişləndirilməli, onların davamlı maliyyələşməsinin təmin olunması istiqamətində imkanlar nəzərdən keçirilməlidir. Qurbanlara pulsuz hüquqi yardım, psixoloji xidmət və sosial reinteqrasiya tədbirləri vahid dövlət mexanizmi çərçivəsində daha sistemli şəkildə həyata keçirilməlidir. Məlumatların mərkəzləşdirilmiş və inteqrasiya olunmuş elektron bazası yaradılmalı, dövlət qurumları arasında informasiya mübadiləsi rəqəmsal əsasda və vahid platforma üzərindən təşkil olunmalıdır”, - deyə o əlavə edib.
E.Mirzəbəyli əlavə edib ki, transmilli insan alveri ilə mübarizədə readmissiya, qurban mübadiləsi və istintaq əməkdaşlığı üzrə beynəlxalq hüquqi bazanın əhatə dairəsi genişləndirilməli, xüsusilə xaricdə işləyən vətəndaşlarımızın hüquqları diqqət mərkəzində saxlanılmalıdır.
“Rəqəmsal platformalar və sosial şəbəkələrdə insan alveri risklərinə qarşı texnoloji nəzarət alətləri tətbiq olunmalı, qanunvericilikdə bu sahəyə dair konkret mexanizmlər müəyyən edilməlidir. Təhsil müəssisələrində insan alveri ilə mübarizəyə dair kurikulumlar hazırlanmalı, gənclər arasında maarifləndirmə və profilaktik tədbirlər davamlı olaraq həyata keçirilməlidir. Xaricdə işə düzəltmə fəaliyyəti göstərən vasitəçi agentliklər lisenziyalaşdırılmalı və ciddi nəzarət rejiminə tabe edilməli, qeyri-qanuni vasitəçilik fəaliyyəti sərt cinayət məsuliyyəti yaratmalıdır”, - deyə deputat fikrini tamamlayıb.