Bakı.Trend:
Müdafiə Nazirliyinin 2025-ci il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.
Trend Müdafiə
Nazirliyinə istinadən xəbər verir ki, proqrama uyğun olaraq, Hərbi
Dəniz Qüvvələrinin hərbi hissələrindən birində toplanışa qatılmış
heyətlə praktiki məşğələlər keçirilib.
İştirakçılara bölmələrimizin silahlamasında olan atıcı silahların
natamam sökülüb-yığılması və istifadə qaydaları üzrə məşqlər təşkil
olunub.
Növbəti mərhələdə hərbi vəzifəlilər atıcı silahlardan praktiki
atışlar icra ediblər.
Təlim toplanışı zamanı, həmçinin ilkin tibbi yardımın göstərilməsi
qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları
məşq etdirilib.
Azərbaycan Ordusunun silahlanmasında olan müasir silah və hərbi texnikaların taktiki-texniki xüsusiyyətlərinin, istifadə qaydalarının öyrədilməsi məqsədilə keçirilən toplanışda ehtiyatdan çağırılan hərbi vəzifəlilərin praktiki vərdişləri təkmilləşdirilir, bilik və bacarıqları inkişaf etdirilir, eləcə də yeni hərbi biliklər tədris edilir.
