Bakı. Trend:
Həkimə münasibət, onun hüquqi statusu və məsuliyyət çərçivəsi cəmiyyətin ədalət və etimad göstəricisi olmalıdır. Bu kontekstdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni əlavələr – xüsusilə də “vicdansız münasibət” anlayışının tətbiqi – bizi ciddi narahat etməlidir.
Trend xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsində və digər 3 qanunda dəyişikliklərin edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, bu termin hüquqi baxımdan yetərincə müəyyən edilməmiş, subyektiv yozuma açıq və təhlükəli nəticələrə yol aça biləcək bir anlayışdır:
“İnzibati Xətalar Məcəlləsində insan sağlamlığına təhlükə və ya zərər yetirilməsi ilə bağlı bəzi maddələr var. Bu maddələrin heç birində vicdan və ya niyyət kimi etik kateqoriyalar hüquqi məsuliyyətin əsası kimi göstərilməyib. Əksinə, qanunvericilik yalnız faktla sübuta yetirilmiş konkret əmələ və nəticəyə əsaslanır.
Sistemdə tibbi səhlənkarlıq üçün mövcud və kifayət qədər əsaslandırılmış məsuliyyət mexanizm var. Biz səhiyyə sistemində şəffaflıq və vətəndaş hüquqlarının qorunmasını tam dəstəkləyirik. Ancaq eyni zamanda həkimlərin təşəbbüs sərbəstliyini, qərarvermə məsuliyyətini və onların peşə nüfuzunu qorumaq borcumuzdur”.
Millət vəkili məsələ ilə bağlı aşağıdakı təklifləri səsləndirib:
- “Vicdansız münasibət” anlayışı qanunvericilikdən çıxarılsın və ya dəqiq hüquqi təriflə əvəz olunsun;
- Sanksiyalar yalnız obyektiv, sənədlərlə sübut olunmuş peşə pozuntularına əsaslansın;
- Tibbi fəaliyyətin qiymətləndirilməsi müstəqil ekspertiza şuralarının rəyinə əsaslanaraq aparılsın;
- Həkim məsuliyyəti mülki-hüquqi əsaslarla tənzimlənsin və yalnız açıq səhlənkarlıq və ya qəsd hallarında cinayət məsuliyyəti nəzərdə tutulsun.