Bakı. Trend:
İstilik təchizatı sektorunun inkişafı məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət proqramları qəbul ediləcək.
Trend xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan "İstilik təchizatı haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, istilik təchizatı sektorunun inkişafı üzrə dövlət proqramı layihələrinin "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada strateji ekoloji qiymətləndirmə (SEQ) sənədi hazırlanacaq və həmin sənədin dövlət ekoloji ekspertizası həyata keçiriləcək.
İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması və təmiri Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçiriləcək.
İstilik təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə ediləcək.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.