Bakı. Trend:
bp öz Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları - “SOCAR”, “TPAO”, “LUKOİL”, “SGC”, “NİCO”, “MOL”, “İNPEX”, “ExxonMobil”, “İTOCHU”, “ONGC Videsh”, “Eni”, “MVM” və “TotalEnergies” – adından Bakı Dövlət Universitetinin tədris infrastrukturunun modernləşdirilməsi və genişləndirilməsinə yönəlmiş daha bir sosial layihənin uğurla tamamlandığını bildirib.
Trend xəbər verir ki, layihənin nəticəsi olaraq bu gün universitetdə müasir və interaktiv bir tədris məkanı olan geologiya muzeyinin açılışı olub. Bu innovativ tədris və təlim mərkəzi Azərbaycanın zəngin geoloji irsi, təbii ehtiyatları və bu sahədəki elmi nailiyyətlərinə dair məlumatları əhatəli şəkildə təqdim etmək məqsədilə yaradılıb.
Muzey geologiya və geofizika fakültələrinin müəllim heyəti və tələbələri üçün geoloji elmlər və əlaqəli sahələri öyrənmək və araşdırmaq üçün müasir vasitələrdən istifadə etmək imkanı yaradır.
Muzey aşağıdakı mövzulara həsr olunmuş 8 tematik guşədən ibarətdir:
Azərbaycanın geologiya tarixi
Azərbaycanın bölgələrinin geoloji xüsusiyyətləri
Azərbaycanın mineral ehtiyatları
Azərbaycanın fosilləri və paleontologiyası
Qeyri-adi geoloji quruluşlar və qorunan təbiət abidələri
Heydər Əliyev və geoloji inkişaf
Azərbaycanın geoloji ehtiyatlarının iqtisadi və sosial
əhəmiyyəti
Geoloji tədqiqatlar və innovasiyalar
Hər bir guşə interaktiv ekranlar və xəritələr, elmi eksponatlar, multimedia materialları, sensorlu oyunlar, müasir texnoloji lövhələr, simulyatorlar və virtual reallıq elementləri ilə təchiz olunub və ziyarətçilər üçün həm maarifləndirici, həm də əyləncəli təcrübə təqdim edir. Bundan əlavə, muzeyin tərkibində açıq məkan şəklində nəzərdə tutulmuş tədris zonası da mövcuddur.
Təxminən 600 bakalavr tələbəsi (əsasən geologiya, geofizika və əlaqəli ixtisaslar üzrə təhsil alanlar) və eləcə də müəllim heyəti tədris, təlim və elmi-tədqiqat fəaliyyətləri üçün muzeydəki məzmundan faydalanacaqlar.
Bu gün universitetdə keçirilən muzeyin açılış tədbirində çıxış edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz dedi: “Bu layihə ölkədə təhsilə və digər mühüm sosial inkişaf sahələrinə davamlı dəstəyimizin gözəl nümunəsidir. Tərəfdaşlarımızla birlikdə çox məmnunuq ki, artıq bir əsrdən çox tarixi olan və aparıcı, nüfuzlu təhsil müəssisəsi kimi geniş miqyasda tanınan Bakı Dövlət Universiteti bu cür unikal bir mərkəzə sahib olacaq. Bu mərkəz geoloji və geofiziki biliklərin zəngin məlumat bazasını innovativ şəkildə təqdim etməyə imkan verəcək. İnanırıq ki, muzeyin dizaynı, texniki təchizatı və təqdim olunan əhatəli informasiya hər bir ziyarətçiyə yer üzünün zəngin və rəngarəng sərvətlərini kəşf etmək üçün unikal bir təcrübə yaşadacaq. Ümid edirik ki, həm tələbələr, həm də digər ziyarətçilər ölkənin təbii ehtiyatlarının əsrarəngiz müxtəlifliyini və onun diqqətəlayiq geoloji irsini dərindən anlayacaq və dəyərləndirəcəklər.”
Muzey üçün alınmış bütün avadanlıq, texniki və proqram təminatı da daxil olmaqla layihənin ümumi dəyəri 395 810 AZN-dir (təxminən 232 830 ABŞ dolları).
Layihə yerli şirkət olan ADZONE-S MMC tərəfindən icra edilib.