Bakı. Trend:
Cari ilin yanvar-iyun aylarında Azərbaycandan xaricə 402,4 min ton meyvə-tərəvəz ixrac edilib.
Trend Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsul ixracından əldə olunan gəlir 415,7 milyon ABŞ dolları təşkil edib.
Meyvə-tərəvəz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 80,5 min ton və ya 25% qədər, dəyər ifadəsi ilə 81,2 milyon ABŞ dolları, yaxud da 24,3% artıb.
2024-cü ilin birinci yarısında Azərbaycandan xaricə 321,9 min ton miqdarında, 334,5 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz ixrac edilmişdi.
Meyvə-tərəvəz ixracı Azərbaycanın ümumi ixracının 2,59%-ini, qeyri-neft sektoru üzrə ümumi ixracın 20,96%-ni təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrlə 24,4 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici ötən ilin eyni dövrünə nisbətən 2,632 milyard ABŞ dolları və ya 12,1% çoxdur. Ötən ilin eyni dövründə Azərbaycan xarici ölkələrlə 21,768 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparmışdı.
Xarici ticarət dövriyyəsinin 12,878 milyard ABŞ dolları ixracın, 11,522 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2% azalıb, idxal isə 29,9% artıb.
Nəticədə, xarici ticarətdə 1,356 milyard dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,677 milyard ABŞ dolları və ya 3 dəfə azdır.