Bakı. Trend:
Bu ilin iyunun ayının sonuna Azərbaycanda rezident maliyyə institutlarının (həmçinin statistik vahidin ödəniş kartları) emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 78,7 milyon ədəd, əməliyyatların həcmi isə 5,1 milyard manat olub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, bir il əvvəlki göstərici ilə müqayisədə “MasterCard” kartları ilə əməliyyatların sayı 27,7 milyon ədəd və ya 54,2%, əməliyyatların həcmi isə 1,3 milyard manat, yaxud da 1,3 dəfə artıb.
Bundan başqa, hesabat dövründə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 483,7 min ədəd, əməliyyatların həcmi isə 48,8 milyon manat olub. Ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi “MasterCard” kartları vasitəsilə əməliyyatların sayı 9,7 min ədəd və ya 2% artıb, əməliyyatların həcmi isə 2,3 milyon manat, yaxud da 4,5% azalıb.
Qeyd edək ki, rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.
Qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və say isə xarici ölkələrdə fəaliyyət göstərən bank və maliyyə institutları tərəfindən xaricdə yaşayan şəxslərə verilmiş ödəniş kartları ilə Azərbaycanda aparılan əməliyyatların miqdarını (sayı) və ümumi məbləğini (həcmini) göstərir.