Almatı. Trend:
Qazaxıstanda hazırda 2,5 milyard dollar dəyərində layihələr Avrasiya İnkişaf Bankında (AAİB) baxış mərhələsindədir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu AAİB İdarə heyətinin sədrinin müavini və AAİB baş iqtisadçısı Ruslan Dalenov 2025-ci ilin yekunlarına dair Almatıda keçirilən mətbuat konfransında deyib.
Dalenov qeyd edib ki, AAİB-in Qazaxıstanda yığılan layihələr portfeli 9 milyard ABŞ dollarına çatır. 16 milyon ABŞ dolları həcmində texniki yardım göstərilib.
Onun sözlərinə görə, hazırda AAİB-in Qazaxıstandakı fəaliyyəti 2022-2026-cı illəri əhatə edən beşillik strategiyaya uyğun aparılır. Dörd il ərzində AAİB Qazaxıstandakı layihələrə 5,1 milyard dollar investisiya yatırıb.
Qeyd edək ki, AAİB iştirakçı dövlətlərin iqtisadi artımına, onlar arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə və Avrasiya məkanında inteqrasiya proseslərinin inkişafına investisiya fəaliyyəti vasitəsilə dəstək göstərmək məqsədi ilə yaradılmış çoxtərəfli inkişaf bankıdır. AİB-in iştirakçıları yeddi ölkədir: Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan.
